Mənim üçün ən böyük mükafat işğaldan azad edilmiş ərazilərimizdir

0
51

Əhliyət Mehdiyev 2016-cı ilin aprel döyüşləri zamanı işğal altında olan bir neçə yüksəkliyin ələ keçirilməsində iştirak edib. Elə həmin döyüşlərdə də yaralanıb. II qrup Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyevlə hazırda müalicə olunduğu Respublika Klinik Xəstəxanasında görüşdük.

İlk sualımız da onun səhhəti ilə bağlı oldu. O, sualımızı özünəməxsus şəkildə cavablandırdı:

– Sağ olsun həkimlərimiz. Onların sayəsində səhhətimdəki problemlər aradan qaldırılır. Təki Vətən sağ olsun…

– 2016-cı ilin aprel zəfəri yaddaşınıza necə həkk olunub?

– Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi kimi.  Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Həmin döyüşlər həm də ordumuzun mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Üstəlik, bu döyüşlər xalqımızın birliyini, həmrəyliyini bir daha göstərdi. Onu da deyim ki, mənim fikrimcə, aprel döyüşlərindən sonra sanki dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan siyasi baxışları dəyişdi. Yəni onlar Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini birmənalı şəkildə qəbul etdilər. Halbuki aprel döyüşlərinə qədər bizə işğalla barışan ölkə kimi baxırdılar.

– Həmin döyüşlərdən bir qədər ətraflı söz açmağınızı xahiş edirik.

– Düşmən cəbhə bölgəsində təxribatlar törətməkdə davam edirdi. Onlar hətta bizim postları ələ keçirmək niyyətində idilər. Odur ki, komandanlıq adekvat cavab vermək və düşmənə əks zərbə vurmaq əmrini verdi. Yəni biz düşmən hücumunun qarşısını almaq məqsədi ilə döyüşə girdik. Bizim döyüşçülər də necə deyərlər, komandanlığın verdiyi döyüş əmrini Azərbaycan hərbçisinə layiq şəkildə yerinə yetirdilər.

Yəqin bilirsiniz, bir zamanlar ermənilər özlərinin “Ohanyan xətti” ilə fəxr edirdilər. Amma biz onların “keçilməz” adlandırdıqları həmin xətti bir anda keçdik. Bununla da ermənilərin öz ordusu haqqında uydurduqları mifləri darmadağın etdik. Bilirsinizmi, ermənilər öz imkanlarını həddindən artıq şişirdirlər. Bu mənada, zəfərimiz işğalçı dövlətin davam etməkdə olan hərbi-siyasi təxribatlarına zəhmli bir cavab olmaqla yanaşı, həm də onların yalançı qalib ədasına son qoydu.

– Aprel döyüşlərinə görə hansısa mükafata layiq görülmüsünüzmü?

– Ordumuzun yubiley medalları ilə təltif olunmuş bir zabit kimi deyə bilərəm ki, belə döyüşlərdə hansısa mükafat o qədər də önəmli deyil. Mənim və digər qazilər üçün həmin döyüşlərdə ən böyük mükafat işğaldan azad edilmiş ərazilərimizdir.

– Bəlkə söhbətimizi aprel şəhidləri ilə davam etdirək?

– Aprel döyüşlərində bölüyümüzün öndə gedən komandiri, polkovnik-leytenant Murad Mirzəyev, qərargah rəisimiz, mayor Samid İmanov, kapitan Mühit Orucov, eləcə də bizimlə yanaşı sağ cinahda irəliləyən polkovnik-leytenant Raquf Orucov, kəşfiyyat rəisimiz, polkovnik Vüqar Yusifov da şəhid oldular. Yeri gəlmişkən, bu döyüşlərdə biz komandirlərimizdən “İrəli” deyil, yalnız “Arxamca” əmrini eşidirdik. Bax, bu çox mühüm amildir. Çünki komandiri öndə gedən əsgərin qələbəyə inamı daha çox olur. Döyüşçülərimizdən biri də geri çəkilmədi. Bizdən fərqli olaraq, düşmənin əsgərləri postları qoyub qaçdılar. Burada Mustafa Kamal Atatürkün  “Komandir birliyin beyni, əsas hərəkətverici qüvvəsidir” sözlərini də xatırlatmaq yerinə düşərdi.

Heyif ki, mən onların və digərlərinin simasında neçə-neçə dost, qardaş itirdim. Heç unuda bilmirəm onları … Mənimlə bərabər irəliləyən qazaxlı balası Elvin Namazovdan da söz açmaq istəyirəm. Elvinlə hərbi məktəbi birgə oxumuşduq. Xüsusi təyinatlı kursu birgə keçmişdik, bir bölmədə qulluq edirdik. Bir yerdə dəfələrlə düşmən arxasında əməliyyatlarda olmuşduq. Elvin təzə evlənmişdi. Aprel döyüşləri öncəsi mənə demişdi ki, yaxın vaxtlarda dünyaya gələcək övladını da Xüsusi Təyinatlı Qüvvələrin tərkibində görmək istəyir. Amma onun bu arzusu gerçəkləşmədi. Belə ki, həyat yoldaşı Elvinin şəhid olması xəbərini eşidəndən sonra güclü sarsıntı keçirdi və bətnindəki yadigarı itirdi. Elə bu kimi səbəblərdən mən 2016-cı ilin aprel günlərini həm qürur, həm də hüznlə yada salıram.

– Şəhidlərimizin ailələrinə, eləcə də yaralılarımıza, əsgər və zabitlərimizə göstərilən dövlət qayğısı haqqında nələr demək istərdiniz?

– Ümumiyyətlə, ərazi bütovlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bu, danılmaz faktdır. Dünyada çox az  dövlət  tapılar ki, müharibə iştirakçılarına, sağlamlıqlarını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun və müxtəlif güzəştlər edilsin. Elə mən özüm… Ordu siralarından tərxis olunandan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işlə təmin olunmuşam. Müalicəmlə bağlı bütün xərclərimi də dövlətimiz qarşılayır. Üstəlik, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızım Sunayın səhhətində yaranmış problemlərin çözülməsi üçün sözün həqiqi mənasında, əlindən gələni əsirgəmir. Onu da qeyd edim ki, Mehriban xanım Əliyeva hərbçilərlə keçirdiyi görüşdə bizi əmin etdi ki, hər bir problemin həllində əlindən gələn köməyi əsirgəməyəcək. Biz bu köməyi, diqqət və qayğını gündəlik həyatımızda görür, hiss edirik.

– Siz bir hərbçi kimi gələcəkdə Azərbaycan Ordusundan nələr gözləyirsiniz?

– Şübhəsiz, yeni qələbələr, yeni zəfərlər… Aprel əhəmiyyətli qələbədir, amma əsas zəfərlərimiz hələ irəlidədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də hərbçilərlə görüşdə bir daha bəyan edib  ki, ordumuz üçün nə lazımdırsa edirik və edəcəyik. Bu mənada əgər qarşıda aprel döyüşlərinə bənzər növbəti döyüş baş versə, Ermənistan tarixinin ən böyük fəlakətini yaşayacaq.

– Belə məlum olur ki, artıq Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsınız…

– Bəli. Aprel döyüşlərində yaralanmağıma baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalanması üçün döyüşlərə həmişə hazıram.

– Eşitdiyimə görə, siz də döyüş dostlarınız arasında “Fred” adı ilə tanınırsınız…

– Bu adı mənə Qarabağ döyüşlərinin ilk illərində böyük qəhrəmanlıq göstərmiş Milli Qəhrəman Fred Asifin həyat yolunu yaxşı bildiyimə, onu özümə ideal seçdiyimə görə veriblər. Əhliyət adını isə atam seçib. Qarabağın tarixinə dərindən bələd olan atam ötən əsrlərdə Qaçaq Nəbinin dəstəsində Əhliyət qardaşlarının Qarabağı necə qorumasından xəbərdar olub. Elə bu səbəbdən də həmin adı mənə layiq bilib.

– Döyüş yolunuz barədə kitab yazmaq fikriniz varmı?

– Var, amma indi yox. İnşallah, torpaqlarımız erməni işğalından tamamilə azad olunandan sonra eşitdiklərim, gördüklərim əsasında bir kitab ərsəyə gətirmək niyyətindəyəm.

Qvami Məhəbbətoğlu, “İki sahil”

 Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş