Anjey Kasprşikin erməni sevgisinin arxasında hansı müəmmalar dayanır?

0
267

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçiriləcək görüşü ərəfəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, burada Dağlıq Qarabağ separatçılarının “liderləri” ilə görüşlər keçirib. Məlumatlara görə, görüşlər zamanı təmas xəttində son vəziyyət, keçirilmiş monitorinqin nəticələri, həmçinin sabitliyin qorunması kimi məsələlər müzakirə olunub.

A.Kasprşikin bu səfərini təsadüfi saymaq olarmı?

Bəri başdan bildirək ki, təhlükəsizlik məsələlərini bəhanə edən A.Kasprşik “ənənə”sinə sadiq qalaraq bu dəfə də Dağlıq Qarabaga Ermənistandan gedib. Bununla da o, işğalçı ölkənin maraqlarını müdafiə etdiyini bir daha nümayiş etdirib.

Xatırladaq ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyan “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” fikrini səsləndirməsi ilə təkcə öz erməni xislətini deyil, bütövlükdə Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyub. Bundan sonra Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda təşviş yaradıb. Odur ki, separatçılar bu məsələdə 22 il ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi “fəaliyyət” göstərən və təmas xəttinə yaxşı bələd olan Anjey Kasprşiklə fikir mübadiləsi aparmağa üstünlük veriblər. Bu mənada, Anjey Kasprşikin bu səfərini onun ermənilərə canıyananlığı kimi də dəyərləndirmək olar.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqllama verən hərbi ekpert Üzeyir Cəfərov bildirdi ki, Ermənistan heç vaxt Azərbaycana güc gəlmək iqtidarında olmayıb: “Ordumuz bütün parametrlər üzrə onların ordusundan üstündür. Ermənilər tülkü kimi həmişə onun-bunun arxasında gizləniblər. Elə indi də bu ab-havadadırlar. İşğalçı ölkənin müdafiə naziri David Tonoyan da yaxşı bilir ki, kənar güclərin təsirindən çıxa bilməyən Ermənistanın ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri ən müasir səviyyədə inkişaf edib və regionda ən güclü ordudur. Üstəlik, 2016-cı ilin aprel döyüşlərində ordumuz sübut etdi ki, ermənipərəst Kasprşikin və onun kimilərinin ermənilərə qahmar çıxması da onların işinə yaramır. Mən Anjey Kasprşikdən söz düşəndə onu həmişə ermənipərəst adlandırmışam və dediklərimi də əsaslandırmışam. Baxın, ermənilər Ağdamdakı Uzundərə adlanan yerdə ağır texnika, iriçaplı silah və artilleriyadan istifadə etməklə mütəmadi təlimlər keçirirlər. Bununla da ölkəmizin flora və faunasına ciddi ziyan vururlar. Lakin bu məsələdən söz düşəndə Anjey Kasprşik susur. Yaxud Nikol Paşinyan, David Tonoyan, eləcə də onun müavini  Qabriel Balayan sərsəmləyir, amma o, yenə susur… Hansını deyəsən? Birdir-ikidir məgər? Bir sözlə, onun bir əli ermənilərin üstündədir. Bu mənada mən deyərdim ki, günlərini separatçıların arasında keçirən Anjey Kasprşik separatçıları təlimatlandırmaqla məşğuldur”.

Politoloiq Elxan Şahinoğlu isə bizimlə söhbətində vurğuladı ki, ümumiyyətlə, münaqişənin həlli ilə zərrə qədər də maraqlanmayan Anjey Kasprşikin açıqlamaları və hesabatlarındakı önəmli detallar da əleyhimizədir: “Belə ki, onun indiyədək hazırladığı  hesabatlarda Dağlıq Qarabağdakı separatçı rejimin “qurumlarının”  adları özünəməxsus şəkildə hallandırılır. Bu mənada, hətta mən deyərdim ki, o, münaqişənin həllində bir maneədir. Elə Anjey Kasprşikin işğal altındakı ərazilərimizə növbəti səfəri və separtçılarla görüşləri də onun bu missiyasına xidmət edir.  ATƏT də onun fəaliyyətinə düzgün qiymət vermir. Üstəlik, həmsədrlərin son bəyanatında ona dəstək də ifadə olunub. Qəribədir, onlarla həmsədr dəyişirlər, amma indiyədək Anjey Kasprşiki əvəz edən şəxs tapmaqda çətinlik çəkirlər.

Digər tərəfdən, sual olunur; niyə Anjey Kasprşik bu görüşləri ilə bağlı Azərbaycana hesabat vermir, onunla razılaşdırmır? Axı həmin ərazilər Azərbaycana məxsusdur. Görünən odur ki, Ermənistan vaxt udmaq və münaqişənin həllini uzatmaq üçün Kasprşikin və onun havadarlarının ənənəvi gedişlərindən, manevrlərindən bəhrələnməkdə davam etməkdədir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”