MDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

0
238

Mingəçevir Dövlət Universitetində Humanitar fənlər kafedrasının təşəbbüsü ilə Azərbaycan xalqının çoxəsirlik ənənələrə malik bədii və fəlsəfi fikirində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsbiqəsinin təntənəli yekun mərasimi keçirilib.
Yubiley mərasimində universitetin rektoru Akif Hacıyev, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, dosent, tədbirin təşkiltçısı Esmira Cəfərova mərasimi açıq elan edərək, gələn qonaqları salamlayıb. İmadəddin Nəsiminin yaradıcıcılığına nəzər salan E.Cəfərova şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.


Sonra söz Mingəçevir Dövlət Univresitetinin müəllimi Nəsimişünas, Nəsimi haqqında bir sıra əsərlərin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı şair, “Qızıl qələm” mükafatçısı Əbülfət Həsənoğluya verilib. Ə.Həsənoğlu görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb.


Əbülfət Həsənoğlu vurğulayıb ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir.
Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş ümumşəhər bədii qiraət müsbiqəsinin qalibləri mükafatladırılıb.
Sonda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edib. Müsabiqədə iştirak etmiş, qalib gəlmiş şagird və tələbələri onların müəllimlərini təbrik edib və uğurlar arzulayıb. İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.


Akt zalında İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar təqdim olunub.

Esmira Hidayətova,Mingəçevir.