“Opinion Way”in sorğusu xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirib

0
65

“Ölkəmizdə həyata keçirilən müsbət dəyişiklikləri hər birimiz gündəlik həyatımızda hiss edirik. Şübhəsiz, bu dəyişikliklərin memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Odur ki, xalqımız dövlət başçımızın fəaliyyətini yüksək dəyərləndirir. Artıq bu danılmaz faktı dünyanın nüfuzlu qurumları da təsdiqləyirlər. Bu, həm də o deməkdir ki, dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti beynəlxalq aləmdə də diqqət mərkəzindədir”.

Bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov Fransanın “Opinion Way” şirkətinin Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkəmizin  bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələri ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Bildirdi ki, sorğuda müxtəlif sahələr üzrə suallar əksini tapıb və onların hamısını respondentlər müsbət cavablandırıblar: “Məsələn, “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5 faizi müsbət cavab verib. Doğrudan da, son bir ildə ölkəmizdə xalqımızın mənafeyi ilə uzlaşan daha mühüm islahatlar həyata keçirilib. Təkcə bir faktı qeyd edək ki,  ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verib. Bu isə Prezident İlham Əliyevin fəaliyyətində əhalinin sosial rifahının əsas yer tutduğunu bir daha təsdiq edir. Prezident bununla, həm də sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək iqtidarındadır.

“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramları” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib. Yeri gəlmişkən, qeyd edək ki, dövlətimizin başçısı həmişə xalqı ilə birbaşa təmasdadır. Təkcə keçən il Prezident İlham Əliyev 24 rayona səfər edib, hər səfərdə də sakinlərlə görüşərək onları narahat edən məsələlərlə maraqlanıb, onları həll edib. Prezident  insanların sıxıntılı günlərində belə həmişə xalqının yanında olub. Məsələn, bu il fevralın 5-i və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələlərdən sonra ölkəmizin başçısı həmin rayonların sakinləri ilə görüşərək belə çətin günlərdə də onların yanında olduğunu göstərib. Bununla da “Mən xalqın xidmətçisiyəm” məramının şüar olmadığını bir daha göstərib. “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də məhz xalqın bu inam və dəstəyini, həm də xalq-iqtidar birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Xalqımız İlham Əliyevin digər uğurlarına –  Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, Azərbaycanın üçüncü peyki “Azerspace-2”-nin orbitə buraxılması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsi, 10 ən islahatçı dövlət siyahısına daxil olunması kimi önəmli hadisələrə də şahidlik edib. Bir sözlə, elə bir sahə yoxdur ki, dövlət başçımızın diqqətindən kənarda qalsın və ya inkişafına diqqət yetirilməsin.

Cavablardan görünür ki, respondentlərin 85 faizi növbəti prezident seçkilərində yenidən Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər. Şübhəsiz, möhtərəm Prezidentimiz bu etimada xalqa sədaqətlə xidmət etməklə, öz qətiyyətli siyasəti ilə nail olub. Mənə elə gəlir ki, dünya dövlətlərinin liderləri də bu təcrübədən bəhrələnməlidirlər. Çünki belə bir fəalyyət, sözün həqiqi mənasında, örnəkdir”.

Respondentlərin digər suallara da müsbət cavab verməsini vurğulayan Milli Məclisin deputatı qeyd etdi ki, təkcə son bir  ildə deyil, Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 15 ildən artıq müddətdə Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və icraçısı olub: “Beləliklə, göründüyü kimi, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə, onun islahatlar kursuna böyük etimad bəslədiyini bir daha təsdiq edir”

Müsahibimiz, həmçinin vurğuladı ki, “Opinion Way” şirkətinin  Azərbaycan reallıqlarını obyektiv əks etdirən bu sorğusu vətəndaşlarımızın ürəyincə olub: “Çox istərdim ki, digər qurumlar da ölkəmizlə bağı araşdırmalar apararkən reallıqlara əsaslansınlar. Güman edirəm ki, bu sorğudan sonra digər xarici rəy sorğusu mərkəzləri də Azərbaycan həqiqətlərini etiraf etməyə özlərində cəsarət tapacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”