Aprelin 14-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

0
175

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 8-dən etibarən çap edib götürə bilirlər. “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur.

Saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 28919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəranda 1514, Astarada 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921, Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə aprelin 13-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının sərəncamına veriləcək.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələr də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.