“Dişlərini müayinə etdirmək üçün həkimə müraciət edənlərin sayı azdır”

0
265

 

Estetik Diş Klinikasının baş həkimi Xaqani Hüseynov: “Vətəndaşlarımız dişlərində ciddi problemlər olmadan stomatoloqa müraciət etmirlər. Dişlərini müayinə etdirmək üçün həkimə müraciət edənlərin sayı azdır. Sanki insanlarda belə bir şüur formalaşıb ki, diş ağrısı onları gecələr yatmağa qoymayanda, həkimə müraciət etməlidir. Dişdə vəziyyət bu həddə çatdıqda isə onu çəkməli ya da çox uzun müddətli müalicə etməyə məcbur oluruq”.

 

 

Dişlərimizin sağlam və bəyaz olması çoxumuzun istəyidir. Buna görə də dişlərin sağlamlığının qeydinə qalınmasının, onun bəyazlığının qorunmasının yollarını öyrənmək çoxları üçün maraqlıdır. Estetik Diş Klinikasının baş həkimi Xaqani Hüseynovla söhbətimiz bu barədə oldu.

 

– Xaqani həkim, dişlərin sağlam qalması üçün nə etmək lazımdır?

– Sağlam diş – sağlam həyat deməkdir. Bu fikir bizim əməkdaşların şüarıdır. Eyni zamanda sağlam dişlər estetik dişlərdir. İnsan estetikasında dişlərin əhəmiyyəti böyükdür. Dişlər üç-dörd aydan bir müayinə olunmalıdır. Dişlərə düzgün qulluq edilməlidir. Xüsusilə də, dişarası fırçalardan, diş saplarından istifadə olunmalıdır. Əks halda, dişlərin aralarına yığılan qida qalıqları onların çürüməsinə səbəb olur. Ona görə də dişlər səhər yeməkdən sonra, axşam yatmazdan əvvəl fırçalanmalıdır.

 

– Vətəndaşlarımızın dişlərinə diqqət və qayğısından razısınızmı?

– Əvvəlki illərlə müqayisədə insanların dişə münasibəti müsbət mənada dəyişib. Bu da müasir xəstəxanaların, peşəkar həkimlərinin sayının artması ilə əlaqədardır. Ümumilikdə isə onu deyə bilərəm ki, vətəndaşlarımız dişlərində ciddi problemlər olmadan stomatoloqa müraciət etmirlər. Dişlərini müayinə etdirmək üçün həkimə müraciət edənlərin sayı azdır. Sanki insanlarda belə bir şüur formalaşıb ki, diş ağrısı onları gecələr yatmağa qoymayanda həkimə müraciət etməlidirlər. Dişdə vəziyyət bu həddə çatdıqda isə onu çəkməli, ya da çox uzunmüddətli müalicə etməyə məcbur oluruq.

 

– İnsanların çoxu kariyesdən əziyyət çəkir. Bu xəstəliyin yaranma səbəbləri nələrdir?

– Kariyesin yaranma səbəbləri istifadə etdiyimiz qida məhsulları və sudan asılı olaraq, bölgələrə görə dəyişir. Respublikamızın şimal bölgəsinin suyunda yod çatışmazlığı olduğu üçün orada yaşayanların orqanizmlərində maddələr mübadiləsi pozulur. Bu səbəbdən də şimal bölgəsinin sakinlərində dişi çürüyənlər çox olur. Dişlərə gigiyenik qulluğun göstərilməməsi də, onun çürüməsinə səbəb olur.

 

– Bəzi vətəndaşlar dişlərini müalicə etdirmək üçün xaricə üz tuturlar. Bu hansı zərurətdən doğur?

– Tam əminliklə deyə bilərəm ki, dişlərdə yaranmış bütün problemlərin aradan qaldırılması üçün klinikamızda hər cür şərait vardır. Buna görə də dişlərdə yaranmış hər hansı problemdən ötrü xaricə üz tutmağa ehtiyac yoxdur. Xaricdə müalicə alıb, daha sonra bizə müraciət edən kifayət qədər pasiyentlərimiz var.

 

– Yüksək təchizatlı xəstəxanalarımızın çox olmasına baxmayaraq, vətəndaşlarımız həkimlərə o qədər də güvənmirlər. Bu barədə nə deyə bilərsiniz?

– Klinikanın müasir avadanlıqlarla təchiz olunması hələ hər şey demək deyil. Çünki həmin avadanlıqlardan istifadə edə biləcək həkim olmayandan sonra o avadanlıqlar heç bir işə yaramır.  Bizim klinikada elə avadanlıqlar var ki, onu Azərbaycana ilk dəfə biz gətirmişik və ancaq  bizdədir. İnsanlar bizə ona görə etibar edirlər ki, Estetik Diş Klinikasında stomatologiyanın bütün sahələri üzrə mütəxəssis həkimlər fəaliyyət göstərir. Xəstələrimizə son model avadanlıqlarla bacarıqlı həkimlər xidmət göstərir. Həkimlərimiz “3D Volumter” Tomoqrafiya, “Erbium ND” və “Diod Lazer” avadanlıqlarından istifadə edirlər ki, bu da işimizin keyfiyyətini daha da artırır. “Diod Lazer” aparatı ilə müalicənin keyfiyyətini daha da yaxşılaşdırmaq, bəzi kliniki hallarda ağrısız əməliyyatlar aparmaq mümkündür. Hətta bəzi cərrahi əməliyyatlarda qanaxma olmur. “3D Volumetr” Tomoqrafiyanın üstünlüyü isə ondan ibarətdir ki, daha dəqiq diaqnoz qoymaq mümkündür. Belə olan halda, müalicədə risk minimuma enir və yüksək nəticə alınır.

 

– Xəstələr stomatoloqun laqeydliyi ucbatından hansısa infeksiyaya yoluxmaqdan qorxurlar. Sizdə təmizliyə necə nəzarət olunur?

– Bizim iş prinsipimizin əsasını keyfiyyət, sterilizasiya və xəstə məmmuniyyəti təşkil edir. Son vaxtlar bəzi infeksiyalar çox yayıldığı üçün insanların ən çox soruşduğu və narahat olduğu şey sterilizasiyadır. Bizim klinikada sterilizasiya çox yüksək səviyyədədir və onun müxtəlif metodlarından istifadə edilir. Hər bir xəstəyə birdəfəlik istifadə olunan sterilizasiya  vasitələrindən istifadə olunur.

 

– İnsanları narahat edən problemlərdən biri də dişlərin saralmasıdır…

– Diş daşlarının, xüsusilə də qida qalıqlarının dişlərdə yığılması onun saralmasına səbəb olur.  Ona görə də hər kəs 3-4 aydan bir dişlərini təmizlətdirməlidir. Dişlər vaxtlı-vaxtında təmizlənərsə, nə çürüməz, nə də saralmaz.

 

– Saralmış dişləri müalicə ilə ağartmaq mümkündürmü?

– Hər sarı dişi ağartmaq mümkün deyil. Bunu yalnız müayinə ilə müəyyən etmək olar. Dişin ağardılması müəyyənləşdirildikdən sonra pasiyentin istədiyi qədər bəyazlaşdırmaq mümkündür. Məlumat üçün bildirirəm ki, sarı dişlər iki cür olur: uşaqkən saralan (uşaq vaxtı qəbul edilən tetrasklin və antibiotiklər dişlərin saralmasına səbəb olur) və sonradan saralan dişlər. Sonradan saralan dişlərə nisbətən uşaqkən saralan dişləri ağartmaq daha çətindir. Amma “lamina miner” metodu vasitəsilə ağarmayan dişləri belə, pasiyentin istədiyi dərəcədə bəyaz üzlüklər taxmaqla ağartmaq mümkündür.

 

– Diş daşlarının tez-tez təmizlənməsi onun səthinin zədələnməsinə gətirib çıxararmı?

– Hər işin öz qaydası olduğu kimi, diş daşı təmizlənməsinin də bir üsulu var. Diş daşının  təmizlənməsinin mərhələləri var. Bu ardıcıllığa riayət olunmalıdır. Uzun müddət dişlərini təmizlətdirməyən adamlarda diş daşları çox yığılır. Belə adamlar dişlərini təmizlətdirdikdən sonra dişlərində həssaslıq əmələ gəlir. Səbəb isə budur ki, diş daşları minanı və denteni dağıtmış olur. Belə pasiyentlərə özəl qarqaralar müəyyən edirik. Həmin qarqaralardan 2-3 gün istifadə olunduğu təqdirdə, diş həssaslığı aradan qalxır.

 

– Sizin klinikada qiymətlər necədir?

– Müayinələrimiz pulsuzdur. Pasiyentlərimizi razı salmaq üçün keyfiyyətli materiallardan, yüksək texniki avadanlıqlardan və dərman preparatlarından istifadə edirik. Buna görə də təbiidir ki, qiymətlərimiz o qədər də ucuz deyil. Bunu isə əminliklə deyə bilərəm ki, keyfiyyətimiz qiymətimizdən yüksəkdir.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here