Qarabağın hər kəndində, hər şəhərində bayrağımız dalğalanacaq

0
23

“Aprel döyüşləri ordumuzun döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etdi, minlərlə hektar ərazini nəzarət altına aldı. Bu qələbə daha böyük uğurlar qazanacağımıza əminliyimizi artırdı. Keçən ilin mayında Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi “Günnüt əməliyyatı” dediklərimə əyani sübutdur”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan kapitan, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışan Əliağa Zeynalov söylədi.  

Bildirdi ki, Aprel döyüşlərindəki qələbədə onun da əməyi olub: “Talış kəndi yüksəkliyində, Talış kəndində olan vacib obyektlər şəxsən mənim verdiyim koordinatlar vasitəsilə artilleriyadan açılan dəqiq yaylım atəşləri ilə məhv edildi. Onu da deyim ki, düşmən bizim qarşımıza çıxmağa özündə cəsarət tapmadı. Yəni öz postlarını tərk edərək qaçdı. Bu da düşmənin təkcə zəif yox, mən deyərdim ki, həm də yazıq vəziyyətdə olduğunu göstərdi. Əgər yadınızdadırsa, ermənilər özlərinin “Ohanyan xətti” ilə fəxr edirdilər. Amma biz onların “keçilməz” adlandırdıqları həmin xətti bir neçə dəqiqə ərzində keçdik. Bununla da ermənilərin öz ordusu haqqında uydurduqları mif darmadağın edildi. Həmin döyüşlərdə mən də yaralandım”.

Müsahibimiz daha sonra vurğuladı ki, bu döyüşlər indiyədək 20 min nəfərdən çox şəhid verən xalqımızın torpaqları işğaldan azad etmək üçün yeni qurbanlara hazır olduğunu bir daha nümayiş etdirdi: “Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel döyüşlərinin dövlətimizin və Milli Ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirdiyini dəfələrlə qeyd edib.

Həmin döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Belə ki, Aprel döyüşlərində fərqlənənlərin qəhrəmanlıqları diqqətdən kənarda qalmayıb, onlar layiqincə qiymətləndiriliblər. Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında “Aprel şəhidlərinə xatirə” abidəsi ucaldılıb. Barələrində kitablar yazılıb, sənədli filmlər çəkilib. Qeyd edim ki, dünyada çox az  dövlət  tapılar ki, müharibə iştirakçılarına, sağlamlıqlarını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.

Bu məqamda göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən də söz açmaq yerinə düşərdi. Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 3-də yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdə onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini bir daha yüksək dəyərləndirib, hər vaxt bu insanlara dəstək olacağını, qazilərin sağlamlığının bərpası və normal həyata qayıtmaları üçün bütün lazımi addımların bundan sonra da atılacağını vurğulayıb: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”. Qeyd edək ki, ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib, qoltuq ağaclarından xilas olublar. Bir sözlə, həmin döyüşlərdə qolunu, ayağını, gözünü itirən də növbəti döyüşlərə hazırdırlar.

Şəxsən mən ehtiyatda olan bir zabit kimi deyirəm: “Fəxr edirəm ki, milli dövlətçiliyimizə xidmət edən belə Prezidentimiz və Birinci vitse-prezidentimiz var. Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qarabağın hər kəndində, hər şəhərində bayrağımız dalğalanacaq. Azərbaycan Ordusu düşmənin “yeni ərazilər uğrunda yeni müharibə” arzusunu da ürəyində qoyacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”