“Shamkir Chess 2019” superturnirində yeddinci turun oyunları keçirilib

0
212

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2019” superturnirində VII tura yekun vurulub. Hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu haqqında danışıb: “Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq. 

Ümumiyyətlə Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı. 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış etmişdim. Səhv etmirəmsə beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdu. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm”.

Qeyd edək ki, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin yeddinci turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla heç-heçə oynayıb.

Turnirin digər partiyalarında norveçli dünya çempionu Maqnus Karlsen hollandiyalı Aniş Girini məğlub edib. Çexiyalı David Navaranın rusiyalı Sergey Karyaginlə, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandın Aleksandr Qrişukla partiyaları da heç-heçə başa çatıb.

Yeddi turdan sonra Maqnus Karlsen 5 xalla liderliyini davam etdirir. Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3,5 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 2,5, Aniş Girinin 2 xalı var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

 No  Name elo pts vict res SB
1 Magnus Carlsen 2845 5 3
2 Sergey Karjakin 2753 4.5 2
3 Viswanathan Anand 2779 3.5 2
4 Liren Ding 2812 3.5 1 13.00
5 Veselin Topalov 2740 3.5 1 11.75
6 Alexander Grischuk 2771 3.5 1 11.50
David Navara 2739 3.5 1 11.50
8 Teimour Radjabov 2756 3.5 0
9 Shakhriyar Mamedyarov 2790 2.5 0
10 Anish Giri 2797 2 0