Fazil Mustafa: Mitinqlər cəmiyyətdə gərginlik yaratmağa hesablanıb

0
74

Son aylar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, qazanılan uğurlar radikal müxalifəti əməlli-başlı çaşdırıb. Odur ki, pozuculuq ənənəsinə sadiq qalan dağıdıcı müxalifət öz tərəfdarlarını küçələrə səsləməklə bu çaşqınlıqlarını ört-basdır etmək istəyir. Hətta iş o yerə çatıb ki, respublikamızın inkişafını gözü götürməyən qüvvələrin əlində alətə çevrilən, çirkli pullar hesabına ölkəni hərraca qoymaq istəyən dağıdıcı müxalifətin “liderləri” ayrı-ayrılıqda mitinq keçirmək fikrinə düşüblər. Elə bu faktın özü müxalifətdəki dərin fikir ayrılığı və aralarındakı çatların daha da dərinləşməsindən xəbər verir. Müsavatın funksioneri Mustafa Hacıbəyli özünün “Facebook” səhifəsində bu prosesdə Əli Kərimlinin barmağı olduğunu qeyd edib. Bildirib ki, bununla da AXCP sədri Əli Kərimli “real müxalif güc” olduğunu, öz hikkəsini, mənəm-mənəmliyini bir daha nümayiş etdirib.

Bu “yenilikdə” başqa məqamlar da var. Belə ki, öz əməli fəaliyyətləri ilə neçə illərdir ki, diqqət mərkəzində ola bilməyən dağıdıcı müxalifət bu yolla yenidən gündəmə gəlmək istəyir.

Politoloqlar qeyd edirlər ki, hazırda mitinq keçirməyə heç bir əsaslı səbəb yoxdur. Hətta “Milli Şura”nın sabiq sədri, 2013-cü ilin prezident seçkilərində radikal müxalifət tərəfindən namizədliyi irəli sürülmüş Rüstəm İbrahimbəyov da bu yaxınlarda Bakıda olarkən heç bir tələbə lüzum olmadığını dilə gətirmişdi.

Əslində bu gün radikal müxalifətdə kütləvi aksiyalar keçirmək gücündə olan qüvvə də yoxdur. Ortada olanlar isə sadəcə pozucu, dağıdıcı, destruktiv qruplardır. İqtisadi sferadakı müsbət göstəricilərə, islahatların uğurlu nəticələrinə və pozitiv yeniliklərinə, dövlətin sosial sahədə atdığı mühüm addımlara baxmayaraq, bu muzdlular xaricdə olan sponsorlarının yardımı ilə ölkəmizdə stabilliyi pozmaq istəyirlər. Bu mənada antiazərbaycan dairələrin əsirinə çevrilmiş həmin qrupların mitinq keçirmək arzularına qarayaxma kampaniyasından başqa ad vermək mümkün deyil.  Şübhəsiz, xalq  antimilli ünsürlərin arxasınca getmir, üstəlik, mitinq çağırışlarını istehza ilə qarşılayır. Çünki xalq yaxşı dərk edir ki, dövlətin uğurlu sosial-iqtisadi siyasətinin kölgəsində itmiş bu milli satqınların məramı başqadır. Onların məqsədi ölkəmizin beynəlxalq imicini ləkələmək, dövlətimizin başçısının nüfuzuna zərbə vurmaq və bunların müqabilində xaricdəki havadarlarından aldıqları vəsaitlərin miqdarını artırmaqdır. Rüsvay olunmağa alışan, üstəlik nə tələb etdiklərinin belə izahını verə bilməyən ünsürlər isə bu adi həqiqəti nədənsə anlamaq istəmirlər.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirdi ki, son illər ölkəmizdə aparılan islahatlar beynəlxalq aləmdə də təqdir olunur: “Təsadüfi deyildir ki, düşünülmüş şəkildə aparılan kompleks islahatlar Azərbaycana “dünyada ən islahatçı ölkə” imicini qazandırıb. Amma daim öz maraqlarını güdənlər bütün bunlara kölgə salmaqla məşğuldurlar. Elə onların mitinq çağırışları da kölgə salmaq kampaniyasına hesablanmış addımdan başqa bir şey deyil. Digər tərəfdən, bu mitinqlər cəmiyyətdə gərginlik yaratmağa hesablanıb.

Yeri gəlmişkən, onu da deyim ki, indi hər hansı fikri, ideyanı sosial şəbəkələr vasitəsi ilə diqqətə çatdırmaq mümkündür. Fikrin, ideyan var, zəhmət çək, etik çərçivədən çıxmamaq şərti ilə insanlara çatdır. Bir sözlə, hazırkı şəraitdə bunu mitinqlər formasına çevirməyə lüzum yoxdur. Görünür, xaos yaratmaq, ictimai asayişi pozmaq onların köhnə şakəridir. Odur ki, belələrinin niyyətlərini gözlərində qoymaq lazımdır. Bu mənada Bakı Şəhər İcra Hakimiyyətinin “Milli Şura”nın aprelin 6-sı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verməməsi təqdirəlayiqdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”