“Shamkir Chess 2019” başlayır

0
101

Turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. “Shamkir Chess 2019”da şahmatsevərləri maraqlı partiyalar gözləyir. Çalışacağam ki, yaxşı çıxış edim. BAu sözləri Şəmkirdəki Heydər Əliyev Mərkəzində şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinə həsr olunmuş mətbuat konfransında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

Qrossmeyster deyib: “Uşaqlıqdan Vüqar Həşimovla dəfələrlə üz-üzə gəlmişik. Uşaq yaşlarında o, daha tanınmış idi. Etiraf etməliyəm ki, görüşlərin əksəriyyəti V.Həşimovun xeyrinə yekunlaşıb”.

Avropa və dünya çempionatlarına qatıla bilməməsinin turnirlərin təqviminin gec açıqlanması ilə əlaqədar olduğunu bildirən Ş.Məmmədyarov “Shamkir Chess” superturnirinin favoriti Maqnus Karlsenin qatıldığı turnirlərin daha baxımlı olduğunu deyib.

Son illər dünya şahmatında xüsusi inqilabın baş vermədiyini diqqətə çatdıran norveçli Maqnus Karlsen dünya şahmat tacına iddiaçıların 30-40 yaşlı idmançıların olduğunu qeyd edib. V.Həşimovla partiyalarını xatırlayan dünya çempionu rəqibinin aqressiv oyun nümayiş etdirdiyini diqqətə çatdırıb.

Digər şahmatçılar da V.Həşimovla bağlı xatirələri və partiyaları barədə danışıb, turnirin əhəmiyyətini yüksək qiymətləndirib və qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıblar.

Qeyd edək ki, martın 31-dən aprelin 9-dək keçiriləcək turnirdə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, Dinq Liren (Çin), Aniş Giri (Hollandiya), hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçısı Aleksandr Qrişuk, dünya kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan) və çexiyalı David Navara iştirak edəcəklər.

Azərbaycanı Vüqar Həşimov Memorialında “Shamkir Chess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcəklər.