BMU-da anım tədbiri keçirilib

0
139

    31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Mühəndislik Universitetində (BMU) anım tədbiri keçirilib. Tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

    Tədbir Dövlət himninin oxunması ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə 31 Mart soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

   

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, XX əsrin, bəlkə də, ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamıdır. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan–Naxçıvan–Zəngəzur–Qarabağ və Qazax–Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.

    Rektor qeyd edib ki, yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.

    Bu gün ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq.

   

Daha sonra söz alan BMU-nun Pedaqoji fakültənin müəllimi Ülvi Babayev tədbir iştirakçılarını salamlayıb və xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımız tarixi qəhrəmanlıqları ilə yanaşı, soyqırımlara da məruz qalıb. Biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Eyni zamanda xalqımızın tarixində baş vermiş faciələri də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Ülvi Babayev qeyd edib ki, hər bir xalqın tarixi faciəsi onun siyasi, elmi və mədəni yaddaşında iz qoyur. Yaddaş bütün mübarizələr üçün böyük stimuldur, o tarix həm də “bədii yaddaş” şəklində yaşanarsa, əhəmiyyətli olar. Yazıçı və şairlərimizin əsərlərində faciələrimizin necə əks olunduğundan tədbir iştirakçılarına nümunələr göstərib.

  

  BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsi, Dövlət və Bələdiyyə idarəetməsi kafedrasının I kurs tələbəsi Ləman Şərifova çıxışında qeyd edib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalı, möhkəm milli yaddaş formalaşmalı, onlar dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidirlər. Çünki erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işimiz var.