Ermənistanın sudan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadəsi beynəlxalq cinayətdir

0
13

Bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin Cenevrə ofisində insan haqları üzrə 40-cı sessiyası çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və təhlükəsizlik üçün su” mövzusunda tədbir keçirib. Dünən BAMF-da həmin tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında BAMF-ın prezidenti Umud Mirzəyev çıxış edərək bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb: “Üstəlik, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarından və digər  su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə olunur”.

Bütün bunlar barədə BMT-nin Cenevrə ofisində 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, missiya nümayəndələrinin iştirakı ilə keçirilən həmin tədbirdə ətraflı söz açdığını diqqətə çatdıran U.Mirzəyev qeyd edib ki, bu səbəbdən ölkəmizdə yaşanan çətinliklər BAMF-ın hazırladığı “Su – müharibə maşını” sənədli filmi ilə də auditoriyaya çatdırılıb: “Mən öz çıxışımda vətəndaş cəmiyyəti qurumlarını bu problemə qarşı öz səylərini birləşdirməyə səslədim. Həmin tədbirin moderatoru  Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim suyun insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil etdiyini vurğulamaqla yanaşı, bu gün sudan təsir vasitələrindən biri kimi istifadənin yolverilməz olduğunu söyləyib. BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc isə sudan Ermənistanın Azərbaycana qarşı  təzyiq vasitəsi kimi istifadəsini beynəlxalq cinayət adlandırıb. O, həmçinin bu məsələnin beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib.

Daha sonra nümayəndə heyətimizin digər üzvləri BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və qurumun vitse-prezidenti Ramil Əzizov çıxış edərək suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqlarına təsirindən söz açmaqla yanaşı, ünvanlanan sualları da cavablandırıblar”.

BAMF-ın prezidenti Umud Mirzəyev, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurumun nümayəndələri İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria, birtərəfli məcburi tədbirlər üzrə BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi,  Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzin icraçı direktoru  İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar və digərləri ilə görüşlər keçiriblər: “Həmin görüşlərdə də Azərbaycan ərazilərinin  işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib. Yeri gəlmişkən, qeyd edim ki, cari ilin may ayında Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru  İdris Cəzairinin ölkəmizə səfəri gözlənilir. O, Bakıya səfəri zamanı gələcək  əməkdaşlığın qurulması üçün ikitərəfli memorandumun imzalanması istiqamətində müzakirələrdən məmnunluğunu da bildirib”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, hüquq müdafiəçisi  Sahib Məmmədov, Azərbaycan Respulikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbudov çıxışlarında BAMF-ın nümayəndə heyətinin Cenevrə səfərini uğurlu səfər kimi xarakterizə ediblər. Bildiriblər ki, qeyri-hökumət təşkilatı tərəfindən BMT tribunalarından Qarabağ həqiqətləri ilə bağlı səsləndirilən belə fikirlər həm də Ermənistanın iç üzünü bir daha dünyaya faş etməkdə mühüm rol oynayır. Onlar belə tədbirlərin mütəmadi xarakter almasında hər kəsin maraqlı olmasının vacibliyini də vurğulayıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”