Teatrşünas Elçin Cəfərov: “Bir məqamı qeyd etməsəm, özümə və peşəmə xəyanət etmiş olaram”

0
304

Azərbaycan teatrının 146 yaşı tamam oldu. Belə ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Həmin tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 146 illik tarixi keçmişi olan teatrımızın bu günü ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, “Yuğ” Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərova bir neçə sualla müraciət etdik.

-Elçin müəllim, 146 yaşlı milli teatrımızın bugünkü durumunu necə dəyərləndirərdiniz?

-146 yaşlı yeniyetmə kimi (gülür). Bu gün teatr sənətimizin ideal vəziyyətdə olduğunu deyə bilmərəm. Azərbaycan teatrı içində olduğu böhrandan çıxmaq üçün çabalayır. R.Strua demişkən, teatr elə bir sənət növüdür ki, həmişə böhrandadır və həmişə böhrandan çıxmağa çalışır. Amma teatrımızın hər bir uğuru, hətta kiçik müvəffəqiyyəti də bizi sevindirir, məşğul olduğumuz sənət sahəsinin gələcəyinə daha ümidlə baxmağa imkan verir. Hərdən sənətin problemlərindən danışanda teatr prosesimizə “Hamburq hesabı” ilə yanaşıb, pisi-pis, əyrini-əyri deyəndə bəzi teatr adamları bizdən inciyir, teatrşünasları amansız olmaqda, teatrı sevməməkdə ittiham edirlər. Ancaq bəlkə də teatrşünaslar qədər teatra təmənnasız xidmət edən ikinci bir sənət sahibi yoxdur. Heç bir maddi təminat olmadan, təşəkkür eşitmədən, fəxri ad, təqaüd, mükafat gözləmədən (yeri gəlmişkən, bu barədə də teatrşünaslıq ən çox diskriminasiyaya məruz qalan sahədir). İnanmıram ki, hansısa rejissor, yaxud aktyor Vidadi müəllim (Vidadi Qafarov – red.) qədər teatr sənətinə təmənnasız xidmət göstərsin. Adam “Teatr, kino və televiziya” şöbəsinin müdiridir, Teatrşünaslıq kafedrasının dosentidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, illərdir, teatrşünaslıq elminin inkişafı üçün külüng çalır, ancaq nəinki təqaüdə, mükafata, vicdanla, ləyaqətlə çalışdığı, “Boş məkanın dolğunluğu – 2” festivalının quruca diplomuna da layiq görülmədi. 

Təsəllim isə, bu sahəyə istedadlı gənclərimizin gəlməsidir. Teatr sənətinin bütün sahələrində – teatrşünaslıqda da, rejissurada da, aktyor sənətində də maraqlı gənclər var. Bu mənada, məni bir teatrşünas kimi teatrımızın bugünündən çox sabahı maraqlandırır. Teatr sənətinin sabahı isə məhz gənclərin əlindədir, onların istedadından, biliyindən və ən əsası, peşə əxlaqından asılıdır. Əgər mövcud həyat şərtləri, işsizlik, pulsuzluq, dedi-qodular, intriqalar, dəstəbazlıq və narsisizm onları vaxtından əvvəl sındırmasa, ucuz şöhrətin və saxta təriflərin parıltısına aldanıb yollarından sapınmasalar, bəlkə 10 ildən sonra Azərbaycan teatrının durumu haqqında danışanda optimist mövqe göstərə bilərik.   

– 2009-cu il mayın 18-də dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdi. Bu proqramdan teatrlarımız kifayət qədər yararlana bildilərmi?

-2009-cu ildə ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, eləcə də “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi-normativ sənədlər ölkəmizdə teatr sənətinin hüquqi bazasını formalaşdırdı. Dövlətin teatr sənətinə münasibətinin göstəricisi olan bu sənədlərin qəbul olunması milli teatr sənətində prinsipcə yeni mərhələnin başlanmasını stimullaşdırmalı idi. Milli teatr sənətinə dövlət səviyyəsində diqqət göstərilməsi müəyyən maddi-texniki, inzibati problemlərinin aradan qaldırılmasına zəmin yaratdı. Bir sıra festivallar, konfranslar keçirildi, kitablar nəşr olundu, teatrların binaları təmir edildi, teatrlarımız ölkənin hüdudlarından kənarda festivallarda və qastrol səfərlərində oldular, gənc teatr mütəxəssisləri beynəlxalq və respublika miqyaslı forumlarda, seminarlarda, ustad dərslərində, treninqlərdə, ixtisasartırma kurslarında iştirak etdilər. Şəxsən mən özüm dövlət proqramının yaratdığı şəraitdən faydalanaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moldovada və Belarus Respublikasında Gənclərin Beynəlxalq Teatr Forumunda iştirak etdim və onu da qeyd edim ki, bu tədbirlərdə iştirakım şəxsən məndən ötrü beynəlxalq əlaqələrin qurulması, sonralar çox sayda müştərək layihələrin həyata keçirilməsi üçün faydalı oldu. Bu günə qədər də Kişenevdə və Belarusda tanış olduğumuz, dostlaşdığımız müxtəlif ölkələrdən olan gənc teatr mütəxəssisləri ilə ünsiyyət saxlayırıq, bir-birimizdən öyrənirik, birgə layihələr həyata keçiririk. Mən gözəl başa düşürəm ki, bütün bu sadaladığım müsbət hallar Dövlət Proqramının sayəsində mümkün olub. Ancaq bir məqamı da qeyd etməsəm, özümə və peşəmə xəyanət etmiş olaram: artıq “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəti başa çatır və bu gün müəyyən zaman məsafəsindən baxanda aydın görünür ki, sözügedən proqram tam şəkildə realizə edilmədi. Çox təəssüf ki, “gözə kül üfürmək”, “quş qoymaq” şakəri burada da dövlətin müəyyənləşdirdiyi və strateji əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsinə, yaxud tam şəkildə realizəsinə əngəl oldu. Konkret olaraq, proqramın 2.5 (Yüksək səviyyəli nəşr və reklam məmulatlarının, dekor və geyimlərin hazırlanması işinin təşkilinin təkmilləşdirilməsi), 2.6 (Teatr treninq mərkəzinin yaradılması), 2.10 (Teatr sahəsində təhsilin təkmilləşdirilməsi  məqsədilə tədbirlərin həyata keçirilməsi), 2.14 (Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması) bəndləri, demək olar ki, həyata keçirilməyib, digər bəndlərdə nəzərdə tutulan tədbirlərin bir qismi də, poliativ şəkildə baş tutduğuna görə konkret effekt verməyib.

– Ölkə başçısı teatr ocaqlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsinə həmişə diqqətlə yanaşır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Taşamaçılar Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı əsaslı təmir olunub, bölgələrdə teatrlar tikilib və əsaslı təmir edilib, hətta yeni teatrlar yaradılıb. Demək olarmı ki, hazırda cəmiyyətdə teatra olan maraq artıb? 

– Bunların hamısı çox yaxşıdır, sevindirici hallardır, ancaq cəmiyyətin teatra marağının artması üçün kifayət deyil. Teatra marağın artması üçün dəqiq strategiyaya söykənən silsilə tədbirlər həyata keçirilməlidir: teatrın repertuar məsələləri, kadr defisiti, maddi-texniki problemləri həll olunmalıdır, teatrların dəqiq fəaliyyət planı işlənib hazırlanmalı, prodüserlik strukturu formalaşdırılmalı, peşəkar marketinq və PR sistemi qurulmalı, KİV-də teatr sənətinin təbliğinə geniş yer ayrılmalı, ölkədə konkret olaraq, teatr sənəti ilə məşğul olan elektron və kağız mətbuatı formalaşdırılmalı, hətta bir yox, bir neçə teatr jurnalı, qəzeti, saytı yaradılmalı, teatr sosiologiyası inkişaf etdirilməlidir. Yalnız bundan sonra teatr sənətinin inkişafından, tamaşaçının bu sənətə marağının artmasından danışmaq mümkündür. 

– Yeri gəlmişkən, mədəniyyət naziri Əbülfəs Qarayevin belə bir fikri var: “Elə bir tamaşa göstərilməlidir ki, ona bir daha baxmaq istəyəsən”. Hazırda hansı teatrımızın repertuarında belə tamaşalar var?

– Digər incəsənət növlərindən fərqli olaraq, teatr zaman-məkana bağlı olan canlı sənət növüdür. Bu mənada, axar suya iki dəfə girmək mümkün olmadığı kimi, bir tamaşaya da iki dəfə baxmaq mümkün deyil. Tamaşa məhz odur ki, ona dəfələrlə baxmaq istəyək. Bir tamaşaya ki, ikinci dəfə baxmaq istəmirsən, o tamaşa deyil, uzaq başı performansdır, eksperimentdir, hoqqadır, ya adını hər nə istəsəniz, qoyun. Bu gün Azərbaycan teatrlarının repertuarında o qədər çox olmasa da, parlaq tamaşalar var. Misal üçün, Azərbaycan Dövlət Akademik Milli Dram  Teatrının “Bir, iki, bizimki”, “Manqurt”, YUĞ Teatrının “Medeya”, “Naməlum Axundzadə”, Azərbaycan Dövlət Gənc Taşamaçılar Teatrının “Axır ki, qurtardı”, Azərbaycan Dövlət Musiqili Teatrının “Nuri-didə Ceyhun”  tamaşalarını göstərə bilərəm. 

– Bu gün tamaşaçılar hansı mövzular əsasında səhnələşdirilən tamaşalara daha çox üstünlük verirlər?

– Əslində, burada mövzu birinci dərəcəli məsələ deyil. Əsas olan nədən danışmaq yox, necə danışmaqdır. Teatrlarımız çalışmalıdır ki, çağdaş dövrün insanlarına, onların hisslərinə, düşüncələrinə təsir edən mövzulara müraciət etsinlər və ən əsası, teatr sənətinin müasir üsul və vasitələrindən istifadə olunsun. Bir sözlə, teatr muzey eksponatına çevrilməməli, tamaşaçısı ilə eyni dildə danışmağı öyrənməlidir.    

Bu günlərdə Prezident İlham Əliyev və  Birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə də bir sıra məsələlərdən söz açıldı, yeni təkliflər səsləndirildi. Həmin görüşlə bağlı sizin fikirlərinizi də bilmək maraqlı olardı.

-Şübhəsiz ki, ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşü olduqca əhəmiyyətli hadisədir. Niyə əhəmiyyətlidir? Əvvəla, ona görə ki, bu görüş mədəniyyət və incəsənət xadimləri ilə Prezident və Birinci vitse-prezident arasında bilavasitə, maneəsiz ünsiyyət imkanı yaratdı. Səmimi şəraitdə keçən görüşdə sənətkarlar onları narahat edən problemləri çatdırmağa nail oldular. Bu görüş teatr xadimlərində böyük ruh yüksəkliyi yaratdı, kuluarlarda danışılanların əksini sübut etdi və göstərdi ki, dövlət  teatra sahib çıxır, dövlət teatrın inkişafında israrlıdır və bunun üçün gərəkli addımlar atmaqdan, böyük vəsait ayırmaqdan çəkinmir. Ən əsası isə, bu görüşün nəticələrini uzun müddət gözləməli olmadıq. Mövcud problemlər haqqında məlumatlanan dövlət başçısı onların operativ şəkildə həll olunması üçün təcili tədbirlər gördü. Görüşdən keçən bir neçə gün ərzində bu günə qədər heç vaxt həyata keçirilməyən miqyasda islahatlar gerçəkləşdi. Teatrların inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama əsasən, dövlət teatrlarına 1.8 milyon manat vəsait ayrıldı. Azərbaycan Dövlət Rus Dram Teatrına, və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verildi. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırıldı.

Mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayevin də qeyd etdiyi kimi, Azərbaycan Dövlət Kukla Teatrının binasında müvəqqəti məskunlaşan YUĞ Dövlət Teatrının bina məsələsinin həll olunması istiqamətində də müsbət addımlar atılacaq. İnanıram ki, bu islahatlar davam etdiriləcək və yaxın günlərdə teatr sənətinin inkişafına yönəlmiş tədbirlər öz bəhrəsini verəcək.

– Belə demək olarmı ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır?

-Birmənalı şəkildə demək olmaz ki, bu gündən sonra Azərbaycan teatrı mütləq uğur qazanacaq. Bunu zaman göstərər. Ancaq o faktdır ki, Azərbaycan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ necə tamamlanacaq, teatrımız tərəqqi tapacaq, ya tənəzzül prosesi davam edəcək, bu bilavasitə bağlıdır teatr xadimlərinin iradəsinə, istedadına, bilgisinə və teatr sevgisinə. Bilirsiniz, bu gün Azərbaycan teatr prosesi ilə bağlı baş verənlər yuxarıdan inqilabdır. Ancaq bu işdə aşağıların da təpəri olmalıdır. Dövlət teatrın inkişafına qayğı göstərə, maliyyə ayıra bilər. Ancaq sağlam teatr idarəetmə sistemi formalaşmasa və teatr xadimlərimiz qarşıda dayanan vəzifələrin əhəmiyyətini anlamasalar, o ayrılan vəsait də təyinatı üzrə xərclənməyəcək, havaya sovrulacaq və biz Azərbaycan teatrının uğurları haqqında danışacağımız günü hələ çox gözləməli olacağıq. 

Qvami Məhəbbətoğlu