Heç kim unudulmur

0
35

2019-cu ilin başlamasından qısa müddət ərzində demək olar ki, elə bir sahə qalmayıb ki,  vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün müəyyən addımlar atılmasın. Əfqanıstan müharibəsi veteranları da bu diqqətdən kənarda qalmayıb. Belə ki, fevralın 21-də dövlət başçısı İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş Yaşar Muradovun qardaşı, 2-ci qrup Qarabağ əlili, sabiq polis serjantı Azər Muradov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, şübhəsiz, bu, ölkə başçısının Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların ailələrinə, həmçinin Əfqanıstan müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir: “Daha doğrusu, dövlətimizin başçısı bir daha təsdiq etdi ki, o, həmişə vətəndaşlarının yanındadır. Bu Sərəncam və Fərman bizim ailəmizdə də razılıqla qarşılanıb. Əfqanıstan müharibəsində həlak olmuşların ailələrinə, həmçinin veteranlara  göstərilən bu ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımızı bildirirəm”.

Azər Muradov, həmçinin vurğuladı ki, qardaşının adı da əbədiləşdirilib: “Artıq neçə ildir ki, Mingəçevirdəki 11 saylı orta məktəb “Lenin” ordeni və “İgidliyə görə” medalı ilə təltif olunmuş sıravi əsgər Yaşar Muradovun adını daşıyır.  “Nur şəhəri”ndə onun adını daşıyan küçə də var. Amma məzarı baxımsızlıq ucbatından pis vəziyyətdədir. Mənim də imkanım yoxdur ki, ona əl gəzdirim. Güman edirəm ki, əlaqədar qurumlar qardaşımın məzarını da diqqətdən kənarda qoymayacaqlar”.

Yaşar Muradov haqqında ətraflı məlumat verən həmsöhbətimiz qeyd etdi ki, qardaşı Yaşar İsfəndiyar oğlu Muradov 16 noyabr 1967-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub: “Birinci sinfi öz doğma kəndində oxuyub. 1975-ci ildə Muradovlar ailəsi Mingəçevirə köçüb, həmin ildən Y.Muradov 11 saylı  məktəbdə təhsilini davam etdirib. 16 aprel 1986-cı ildə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1987-ci il oktyabrın 31-də həlak olub. Onu da deyim ki, qardaşım Yaşar sovet qoşunlarının tərkibində Əfqanıstana getməyini bizdən gizlətmişdi. Bunu ailəmiz sonradan bilmişdi”.

Azər Muradov söhbət zamanı dedi ki, hazırda xalqımızın bir problemi var: “O da ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsidir. Əminəm ki, bu məsələ də öz həllini tapacaq. Artıq bu, bir həqiqətdir ki, iqtisadiyyatımız yüksəldikcə ordumuz daha da güclənir. Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasa, Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı məndə əsla şübhə doğurmur.

Onda mən də bir veteran kimi bu ordunun lap ön sıralarında olacağam. Yeri gəlmişkən, qeyd edim ki, əmisinin adını daşıyan oğlum Yaşar hazırda hərbi xidmətdədir. Oğlumun da döyüş əzmkarlığı yüksəkdir”.

Qvami Məhəbbətoğlu,“İki sahil”

 Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş