“Yuventus” Ronaldonun sayəsində dörddəbir finala vəsiqə qazanıb

0
14

Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab qarşılaşmasında “Yuventus” klubu doğma meydanda “Atletiko Madrid”i qəbul edib. Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması “Yuventus”un ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb.

Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan “Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib.

“Ettihad” stadionunda baş tutan görüşdə İngiltərənin “Mançester Siti” klubu doğma azarkeşlər önündə Almaniyanın “Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 7:0.

Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüera (35, 38), Leroy Sane (42), Rahim Sterlinq (56), Bernardo Silva (71), Fil Foden (78) və Qabriel Xesus (84) fərqləniblər.

Səfərdə də 3:2 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olun