Bu görüş mədəniyyətimizə göstərilən diqqətin daha bir təzahürü idi

0
157

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü bir daha mədəniyyət və incəsənətimizə dövlət qayğısının əyani təzahürü olaraq özünü təsdiqlədi. Onu da deyim ki, bu görüş digərlərindən daha çox öz formatı ilə fərqləndi. Məndə ilkin olaraq belə bir təəssürat yaranmışdır ki, görüş yenə də ümumi iclas xarakteri daşıyacaq və ancaq proqram xarakterli olacaq. Ancaq efir vasitəsilə bu görüşü izlədikdə heç də bunun belə olmadığının şahidi oldum.

Görüşdə möhtərəm Prezidentimiz İlham Əliyev mədəniyyət və incəsənət sahəsindəki mövcud problemləri bu sahənin adamlarının dilindən eşitmək məqsədi ilə onlara, əgər belə demək mümkünsə,  geniş meydan verdi. Nəticədə görüşün iştirakçıları onları narahat edən problemləri dilə gətirə bildilər.

Qeyd etmək istəyirəm ki, bu kimi praktika əksər inkişaf etmiş ölkələrdə belə mövcud deyil. Yəni xalqın nümayəndələri ilə mütəmadi təmasda olmaq, onları narahat edən problemləri dinləmək və mövcud problemlərin həllinə dərhal reaksiya vermək yalnız bizim Prezdidentə xas xüsusiyyətdir.  Mən belə bir Prezidentimlə fəxr edirəm.

Bəli, bu qeyd edilən amillər bizim Prezidentimiz İlham Əliyevin siyasi xəttinin əsasını təşkil edir. Şəxsən mən deyə bilərəm ki, bizim ailə hər zaman dövlət qayğısı ilə əhatə olunub. Böyük bir xoşbəxtlik bizim ailəyə də nəsib olub ki, məhz mənim hər iki mərhum valideynim olan Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva respublikanın ali fəxri adlarına layiq görülüblər. Mərhum atam və anam Azərbaycan mədəniyyəti tarixində, xüsusilə Gəncə mədəni həyətındakı xidmətlərinə görə Xalq artisti fəxri adına layiq görülüblər. Anam Xalq artisti Sədayə Mustafayeva Prezdentin fərdi təqaüdçüsü də olub. Bütün bu sadalananlar bir daha göstərilən diqqət və qayğının əyani təzahürüdür. Martın 1-də keçirilən görüşdə hörmətli cənab Prezidentimiz İlham Əliyevin Xalq artisti Afaq Bəşirqızının çıxışına dərhal reaksiya verməsi, teatr işçilərinin aylıq əmək haqqlarının artırlması barədə təkliflərin hazırlanması və əhəmiyyətli dərəcədə artırılması ilə bağlı göstərişi də bu diqqət, qayğının davamlı olduğunun göstəriçisidir.

Bu gün əsasən regionlarda çalışan və ömürlərini Azərbaycan mədəniyyətinə həsr edən incəsənət xadimləri daha çox əziyyət çəkirlər. Onların sosial təminatları heç də ürək açan deyil. Bu üzdən də açıq etiraf etmək lazımdır ki, bir çoxları əsas iş saatlarından sonra bacardıqları digər əmək fəaliyyəti ilə məşğul olurlar ki, ailə-məişət problemlərini həll etsinlər. Şübhəsiz, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı bu sənət fədailərinin də ailə-məişət və sosial problemlərinin aradan qaldırılmasına vəsilə olacaq.  Mən də öz növbəmdə göstərilən diqqət və qayğı üçün Prezidentimizə Gəncədə fəaliyyət göstərən sənət dostlarım adından dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Anar Burcəliyev, teatrşünas