Polkovnik Şair Ramaldanov: Tonoyan özünün sayıqladıqlarına özü inanırmı?

0
240


“Əvvəla onu deyim ki, Ermənistanın müdafiə naziri David Tonoyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil. O da Ermənistanın baş naziri Nikol Paşinyan kimi populist bəyanatlar verməklə erməni ictimaiyyətini aldatmaqla məşğuldur. Bu mənada deyərdim ki, hətta David Tonoyan dediklərinə heç özü də inanmır”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müdafiə naziri David Tonayanın yerli media vasitəsilə çıxış edərək ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişməsi ilə bağlı verdiyi bəyanatını şərh edərkən söylədi.

Bildirdi ki, işğalçı ölkənin müdafiə nazirinin belə açıqlama verməsi təsadüfi deyil: “Son illər hərbi büdcəmizin artması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat təchizatında  əsaslı dəyişikliklər olub. Yəni, ordumuz daha da modernləşib, öz qüdrətini daha da artırıb və bu istiqamətdə işlər davam etdirilir.

Üstəlik, gündən-günə inkişaf edən ölkəmizdə müasir silahlar istehsal olunur. Təbii ki, torpaqları erməni daşnaklarının işğalı altında olan ölkə üçün bu sahəyə belə diqqət ayırılması başadüşüləndir. Digər tərəfdən, Prezidentimiz İlham Əliyev Dağlıq Qarabağla bağlı mövqeyimizin dəyişmədiyini dəfələrlə bəyan edib.  Amma işğalçılıq siyasəti nəticəsində iqtisadiyyatı çökmüş Ermənistanın öz ordusunu gücləndirməyə heç bir iqtisadi imkanı yoxdur. Qeyd edim ki, beynəlxalq nüfuzlu qurumların hesablamalarına görə hazırda güc baxımından müqayisədə Ermənistan ordusu Azərbaycan ordusundan 30 pillə geridədir. Bu isə o deməkdir ki,  Azərbaycan Ordusu bütün istiqamətlərdə erməni ordusundan müqayisəedilməz dərəcədə üstündür. Təbii ki, David Tonoyan da bu həqiqəti yaxşı dərk edir. Odur ki, belə bəyanatlar verməklə sadə erməni xalqını sakitləşdirməyə çalışır”.

Həmsöhbətimiz vurğuladı ki, həm Ali Baş Komandanın, həm də müdafiə naziri general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərimizlə mütəmadi olaraq görüşmələri, onların qayğısı ilə maraqlanmaları hərbçilərimizdə döyüş, vətənpərvərlik ruhunu daha da artırır: ”Maddi-texniki bazası və döyüş qabiliyyəti yüksək olan ordunun qələbələri də çox olur. Amma Ermənistan ordusunda vəziyyət tamamilə başqadır. Erməni mətbuatına əsasən, təkcə bir faktı deyim ki, işğalçı ölkədə hər il 10 mindən çox gənc hərbi  xidmətdən yayınır. Onların Müdafiə Nazirliyində rüşvət baş alıb gedir. Yaxud baş nazir Nikol Paşinyan özü əsgər və zabitlərə verilən ərzaqdan,  geyimdən şikayətlənirsə, hansı hücumdan danışmaq olar? Olmaya Ermənistan ağlaya-ağlaya, əgər belə demək mümkünsə,  ikinci əldən aldığı köhnə silahlarına arxalanır? Digər tərəfdən, David Tonoyan  “Su-30″lardan danşır. Halbuki ermənilər həmin qırıcı təyyarələrə  sahib deyillər. Onları əldə edib-etməyəcəkləri hələ sual altındadır. Ermənistanda heç onları idarə edən kadrlar – pilotlar da yoxdur.. Müdafiə naziri belə bəyanat verirsə, nəyə isə əsaslanmalıdır. Bu mənada o olmayan şeylərdən danışır. Hətta “Su-30”lar onlara veriləcək halda belə heç nə dəyişməyəcək. Çünki ölkəmizin aldığı yeni nəsil hava hücumundan müdafiə sistemləri hər hansı uçan obeykti zərərsizləşdirməyə qadirdir. Hətta bu gün Azərbaycan Ordusunun arsenalında yer alan döyüş vasitələri Ermənistanın ərazisində, cəbhənin dərinliklərindəki istənilən hədəfi dəqiqliklə məhv etməyə imkan verir.  Yeri gəlmişkən, hərbinin belə bir strategiyası var: hücum edən tərəf müdafiə olunan tərəfdən bir neçə dəfə güclü olmalıdır. Ərz etdiyim kimi, onlar belə gücə malik deyillər. Bu mənada David Tonoyanın həmin açıqlaması həm də onun hərbi strategiyadan heç bir anlayışı olmadığını bir daha ortaya qoyur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”