Uyğur alimə ömürlük həbs cəzası verilə bilər

0
440
Çinin Sintszyan Uyğur Milli Muxtar Respublikasının Urumçi şəhərində Pekindəki ali məktəblərdən birində müəllim işləyən 45 yaşlı alim, əslən uyğur olan İlham Toxti üzərində məhkəmə prosesi başlayıb. 
Toxti Sintszyan Uyğur Muxtar Respublikasında əhalini dövlətə qarşı qaldırmaqda və rejimi devirmək cəhdində günahlandırılır. Günahı sübut ediləcəyi təqdirdə, İlham Toxti ömürlük həbs cəzasına məhkum ediləcək. Amma uyğur alim çinlilərin bütün bu iddialarını rədd edir. O, məsələ ilə bağlı özünün günahkar olmadığını söyləyib. İlham Toxti: “Mən yalnız açıq şəkildə Çin hökumət orqanlarının milli azlıqlara qarşı həyata keçirdiyi qeyri-sivil ayrı-seçkilik siyasətini pisləmişəm və bunun ölkəyə yaxşı heç nə vəd etmədiyini açıq şəkildə söyləmişəm. Bu gün də öz fikrimdə qalıram. Digər etnik azlıqlar kimi, uyğurların da haqlarını müdafiə etmişəm. Ancaq heç vaxt  hökumətə qarşı əhalini qızışdırıb qaldırmamışam. Çünki bunun yenidən günahsız insanların ölümünə yol aça biləcəyini və Çinin bundan uyğurlara qarşı soyqırımı kimi istifadə edəcəyini bilirdim. Mənim bir günahım var. O da hökuməti milli etnik azlıqlara qarşı daha humanist davranmağa və onlara özlərini Çin vətəndaşı kimi hiss etməyə imkan verməyə çağırmağım olub. Bunu hər yerdə açıq söyləmişəm, ancaq heç vaxt təxribatla məşğul olmamışam və əhalini dövlətə qarşı qaldırmaq fikrinə düşməmişəm.  Çünki təxribatla hansısa qeyri-sivil yollarla, zorakılıqlarla Çin kimi böyük bir dövlətə nə isə etmək mümkün deyil”,-deyib.

Xatırladaq ki, İlham Toxti bu ilin yanvar ayının 16-da dərs dediyi Pekin ali məktəblərindən birində həbs edilib. O, həbs edilənə kimi tez-tez Çinin milli azlıqlara, o cümlədən uyğurlara qarşı cəza tədbirlərinə əl atmasını pisləmişdi. Bu isə hökumət orqanlarının xoşuna gəlmirdi. Eyni zamanda Toxti “Uyğurbiz” saytını açmışdı və orada müxtəlif dillərdə yerləşdirdiyi materiallarla uyğurlar və Çindəki digər etnik azlıqların vəziyyəti barədə həqiqətləri dünyaya çatdırırdı. Toxtinin həbs edilməsindən sonra isə sayt fəaliyyətini dayandırıb. Toxti üzərində başlayan məhkəmə prosesində isə yaxın günlərdə uyğur alim barədə son hökm çıxarılacağı gözlənilir. Bu arada isə ABŞ-da təhsil alan Toxtinin 19 yaşlı qızı Cuher (Göhər) ABŞ Konqresinin Çinlə əlaqlər komissiyasının qarşısında çıxış edərək, uyğurlara qarşı davam etməkdə olan soyqırımı barədə məlumat verib.

Ötən gün isə Luntun qəzasında baş verən ardıcıl partlayışlar nəticəsində 8 adam zərər görüb. Çin hökumət orqanları isə bu partlayışları terror aktı kimi qəbul edərək, dərhal uyğurlara qarşı yeni repressiyalara başlayıb. Partlayışlarda “şübhəli” bilinən  onlarla uyğur həbs edilib. Qeyri-rəsmi məlumatlara görə, partlayışları Çin hökuməti özü təşkil edib. Məqsəd bu yolla uyğurlara qarşı təzyiqlərin davam etdirilməsi üçün bəhanə əldə etməkdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here