TAP: Azərbaycan-İtaliya əlaqələrində yeni çalarlar

0
1025

Azərbaycan-İtaliya ikitərəfli iqtisadi əlaqələri getdikcə möhkəmlənir. Belə ki, ötən ildə bu ölkələr arasında ticarət dövriyyəsi 10 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Bu ilin ilk ayında da Azərbaycanın ən çox məhsul göndərdiyi ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, yanvar ayında bu ölkəyə ixracın dəyəri 444 milyon 444 min ABŞ dolları təşkil edib. Azərbaycanla ticarət dövriyyəsinə görə ölkələrin siyahısında da bu ölkə birincidir. Belə ki, ötən ay İtaliya ilə ticarət dövriyyəmiz 476 milyon 516 min dollar olub.

Ekspertlərin fikrincə, bu prosesdə Prezident İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyulunda İtaliyanın Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri və bu səfərlər çərçivəsində keçirilən görüşlər, biznes forumları, həmçinin aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyanın “Maire Tecnimont” şirkətinin də podratçısı olduğu “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı olub. 2018-ci ildə polipropilen zavodunun açılışında hər iki dövlət başçısının iştirakını isə ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisi kimi dəyərləndirmək olar. 

Fevralın 20-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının plenar sessiyasında  İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi bildirmişdir ki, Cənub Qaz Dəhlizinin reallaşmaqda olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) seqmenti bütün Balkan bölgəsinin, o cümlədən  İtaliyanın qaz boru kəməri şəbəkəsinin inkişafına təkan verməklə yanaşı, iki ölkə arasındakı iqtisadi əlaqələrə də yeni çalarlar əlavə edəcək. Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən İtaliyanın da şaxələndirməyə marağı olduğunu vurğulayan nazir müavini TAP-ı enerji sahəsində İtaliya ilə əməkdaşlığın mühüm elementi kimi dəyərləndirib. Bu mənada TAP-ın rəsmi açılışı Azərbaycan-İtaliya əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq. Daha doğrusu, Cənub Qaz Dəhlizi layihəsi tam istismara verildikdən sonra “Şahdəniz-2” qazının TAP xətti vasitəsilə İtaliya sahillərinə çatdırılması ölkələrimiz arasında ticarət dövriyyəsinin  artmasına səbəb olacaq.

Hazırda ölkəmizdə əsas prioritetlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu mənada, Azərbaycan iqtisadiyyatına görə dünyada 8-ci yerdə qərarlaşan İtaliya kimi ölkənin böyük şirkətlərinin ölkəmizin qeyri-neft sektoruna investisiya yatırmasında maraqlı olan tərəfdir. Bunu hökumət də açıq şəkildə bəyan edir. Odur ki, Azərbaycan İtaliya şirkətlərinə qapılarını hər zaman açıq saxlayır.

İqtisadiyyat Nazirliyində Andrea Cioffi ilə keçirilən görüşdə italiyalı qonaq ölkəsinin Azərbaycanla qeyri-neft sektoru sahəsində əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Şübhəsiz, ölkəmizin artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr – Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar açır. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır.

Qvami Məhəbbətoğlu, “İki sahil”