Biz enerji marşrutlarını şaxələndiririk

0
991

“May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur”. Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin beşinci toplantısındakı nitqində bildirib.

Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsini – Cənub Qaz Dəhlizini enerji şaxələndirilməsi kimi dəyərləndirən dövlətimizin başçısı qeyd edib ki, bu dəhliz nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.

Prezident Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi layihəsi kimi də xarakterizə edərək bildirib ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətindir. Çünki enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olmaqla yanaşı, bir uğur hekayəsi kimi yaddaşlarda iz qoyacaq. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və bu ölkəmizin   regiondakı mövqeyinə əlavə stimul verir. Respublikamızın qaz ehtiyatlarının  2,6 trilyon kubmetr təşkil etdiyini xatırladan dövlətimizin başçısı təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial imkanımızın olduğunu, bununla da Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcminin növbəti illərdə artırıla biləcəyini də diqqətə çatdırıb.

Şübhəsiz, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Bunun nəticəsində hazırda ölkəmiz  Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Belə ki, Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları – bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəltmişik. Daha doğrusu, neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin təşkilinə, yeni infrastrukturların yaradılmasına sərf etmişik: “Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.

Qeyd edək ki, Azərbaycanın uğurlu enerji inkişafı dünyaya özünü etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə də imkan verib. Təbii ki, bu da sabitlik adası kimi tanınan ölkəmizə olan etimaddan irəli gəlib. Belə ki, indiyədək ölkəmizə yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır ki, bunun da yarısı xarici investisiyalardır. Onlar da bizdən çox razıdırlar.  Çünki tərəflər bir-birinin ehtiyac və narahatlıqlarını anlamağa çalışıblar. Şübhəsiz, bu etimad, həm də ölkəmizdə həyata keçiriləcək növbəti layihələrə vəsilə olacaq.

Layihənin gerçəkləşməsində beynəlxalq şirkətlərin mühüm rol oynadığını bildirən Prezident bu prosesdə SOCAR və BP arasında olan sıx strateji tərəfdaşlığı da xüsusi vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”