”Haqqı bir stəkan süd ilə tam ödənmişdir”

0
310
Uşaqlığımızın təsadüf etdiyi dövrdə, ötən əsrin altmışıncı illərində yaz-yay fəsillərində digər kənd uşaqları kimi bizim də günümüzün çox hissəsi çöl-bayırda keçdiyindən naharımız və ya şam yeməyimiz mer-meyvə, bir də dürməkdən ibarət olardı. 
Evə ac, yorğun gəldiyimizi görən analarımız xörək bişənəcən lavaş, ya da təndir çörəyinin arasına yağlı motal pendiri, ətiri ətrafa yayılan üç-beş keşniş, şüyüd, vəzəri, bir-iki dənə də göy soğan qoyub, dürməyi bacardıqca böyük bükər, adını da “şah dürməyi” qoyardılar. Bu, təkcə bir uşaqlıq xatirəsi deyil, yaşlı insanlar da ac vaxtında yediyi duz-çörəyin dadını ən gözəl yeməkdən belə ala bilmirlər.

Günlərin bir günü qonşu kənddə yaşayan Şahin müəllim adlı dostum qonağım oldu. Uşaqların kiçik olduqları, ev tikdiyimiz, iş-gücümüzün başdan aşan vaxtı idi. Dostum başqa hazırlıq görməyimizə qarşı çıxıb, özümüz üçün hazırladığımız nə vardısa kifayətlənəcəyini bildirdi. Bağımızda becərdiyimiz təzə kartof qızartmasının üzərinə yumurta vurulmuşdu. Nuşcanlıqla yedi, çox ləzzətli olduğunu bildirdi. Sonralar, dediyinə görə, evində dəfələrlə eyni xörəyi bişirtdirsə də, o ləzzəti hiss edə bilməmişdi. Sözüm onda yox, bir zamanlar mənə də çox ləzzət eləmiş, yadııma düşəndə ürəyimi yandıran bir xörəkdən, çolpa çığırtmasından danışmaq istərdim sizlərə.

Pasportunda atamın təvvəllüdü 1890-cı il kimi qeyd olunmuşdu. Sovet dövründə “beş manatlıq” radiolarda Aşıq Hüseyn Saraclının dastanlarını eşidəndə: “Bu, Aşıq Ələsgərdir”, – deyərdi. Bilmirəm o, rəhmətlik aşığı görüb dinləmişdi, ya yox, amma çox diqqətlə qulaq asar, kövrəldiyi anlar da olardı. Tərəkəmə atamın Aşıq Ələsgəri görməsi ehtimalını da istisna etmirəm.

Yaşıdları ilə dünya-axirət söhbətlərində: – Mən ehsanımı öz əllərimlə vermişəm, – deyərdi. Kimə nə verdiyini dilinə gətirməsə də, ətrafdan onun xeyirxahlığına dair çox söz-söhbət eşitmişdim. Müharibə və müharibədən sonrakı aclıq illərində atam altı anasız uşağı salamat böyütməklə yanaşı, neçə-neçə insanlara da hayan olmuşdu. O insanların, demək olar ki, hər biri atamın xətirini saxlayır, hörmət edirdilər.

Bir payız axşamı atam yaxınlıqda olan ən yaxın qohumlarımızdan birinə qonaq getmək istədiyini bildirdi. Məni də özü ilə apardı. Darıxdığını hiss edirdim. Həmin evdə televizor da vardı. “Bəlkə, Aşıq Ələsgər də oxuyar”, – dedi. Biz evə çatanda “Günün ekranı” verilişi gedirdi. Xırıltılı səs və “qarışqaların” qaynaşdığı ekran o vaxtlar ən maraqlı yenilik idi insanlar üçün. Atamın etirazına baxmayaraq çay gəldi masaya. Bir azdan həyətdəki it hürməyə başladı və ev sahibi aşağı düşdü. Çox keçmədən yaxşı tanıdığımız ər-arvad içəri daxil oldular. Ər ev sahibəsinin qohumlarından idi. Atamı böyük ehtiramla salamlayan bu cütlük onunla həmsöhbət olacaqlarına sevindiklərini də gizlətmədilər.

Qonağın adına çay dəmləmək, özü də ən yaxşısından, həmişə adi bir adət olub. Xoş-beşdən sonra otağa Hindistan çayının “məni için” deyən ətiri yayıldı. Bu cür gözəl çayı atamın könülsüz içdiyi gözümdən yayınmadı. Altı və ya yeddinci sinifdə oxuyan uşaq başqa nə anlaya bilərdi ki? Bir az əvvəl həyətdən toyuq çığırtısı da quşların yenicə gəlmiş qonaqların adına kəsildiyini bildirirdi. Ev sahibi əllərini silərək içəri girəndə qapıda geri dönərək həyat yoldaşına “çığırtma elə” dediyini də eşitdik. Çayımı içib bitirən kimi atam: – Dur, bala, səhər dərsə gedəcəksən, – dedi. Ev sahibləri, qonaqlar nə qədər israr etsələr də, atam fikrini dəyişmədi. Evimizə yollandıq. Dərhal müştüyünə “Avrora” “gilizini” keçirib alışdırdı və dərin qullablarla sümürməyə başladı. Tez-tez burnunu silməyindən atamın kövrəldiyini görsəm də, içimdə onun inadkar hərəkətinə haqq qazandıra bilmirdim.

Səhər tezdən atamın şal-çarığını geyərkən anama: –  Çolpaları çığırtma edərsən,- dediyini eşitdim. Elə bildim ki, yuxu görürəm. Dərsə getməli olduğumu anlayınca söhbətin nədən getdiyini başa düşdüm. Atamın xasiyyəti idi – qonum-qonşuda toy olan kimi umsunmamağımız, gözümüzün qalmaması üçün evimizdə ət xörəkləri bişirtdirərdi.

Atam gələnəcən anam çolpa çığırtmasını hazırlamışdı. Birlikdə yedik. Nehrə yağında bişmiş o çığırtma elə ləzzət etdi ki, anama: – Həmişə çığırtma bişirsənə, ana, – dedim və hamımız güldük.

Sonralar həyat atamın düzgün hərəkət etdiyini başa saldı mənə. Sözümüzə rəhmətlik Qurbaninin misraları ilə qüvvət verək:

…Dərdi söylə bilənlərə,

Dərd başına gələnlərə,

Hər üzünə gülənlərə

Etibar eyləmək olmaz…

İnsanlıq tarixində yaxşılığın göz yaşları ilə islanmış səhifələr saysız-hesabsızdır. Uşaq vaxtı gözünü itirmiş oğluna gözünü verən ananın gəlini, nəvələri və oğlu tərəfindən tərk edildiyi hekayətdə olduğu kimi. Bəndələrin əksəriyyəti gördükləri yaxşılıqları itirsə də, yaxşılığa yaxşılıqla cavab verməyə çalışan və yaxşılıq etməkdən yorulmayan insanlar da az deyil. Dünya öz gözəlliyini belələrinin eşqi və əməli ilə qoruyub saxlaya bilir. “Bir stəkan süd” hekayəsində olduğu kimi:

Bir gün bir kasıb oğlan təhsil haqqını ödəmək üçün qapı-qapı gəzib müxtəlif mallar satırdı. Təkcə on cent pulu vardı. Acmışdı. Növbəti qapıdan yeməyə bir şey istəməyi qərara aldı. Qapını açan gənc qəşəng bir qadını qarşısında görüncə özünü itirdi. Yemək əvəzinə qadından bir içim su istədi. Haldan anlayan qadın oğlanın ac olduğunu görüb ona böyük bir stəkanda süd gətirdi.

Südü yavaş-yavaş içdikdən sonra oğlan qadından soruşdu: – Nə qədər borcluyam?

– Sən mənə heç bir şey borclu deyilsən, – qadın dedi, – anam bizdən yaxşılığa görə təklif olunan haqqı heç vaxt almamağı tapşırıb.

Oğlan: – Elə isə mən sizə ürəkdən təşəkkür edirəm, – dedi və dönüb getdi. Evdən uzaqlaşan Hauvard Kelli (Howard Kelly) fiziki cəhətdən gücləndiyini hiss etdi. Onun Allaha və insana inamı da artmışdı. O, hər şeyini xeyriyyəçilik yolunda fəda etməyə hazır idi.

İllər sonra həmin gənc qadın ciddi bir xəstəliyə tutuldu. Yerli həkimlər baş aça bilmədikləri üçün onu şəhərə göndərdilər. Məsləhət üçün həkim Hauvard Kelliyə müraciət etdilər. Xəstənin gəldiyi yerin adını eşidən kimi gözlərinə qəribə işıq doldu həkimin. Dərhal qalxıb otağına getdi. Xalatını geyinib xəstəni görməyə tələsdi. Qadını tanıdı. Məsləhət otağında onun həyatını xilas etmək üçün əlindən gələni edəcəyini qərarlaşdırdı və xəstəni ciddi nəzarətdə saxladı. Uzun mübarizədən sonra xəstə onu yatağa məhkum edən xəstəliyə qalib gələ bildi. Həkim Hauvard Kelli müalicənin qiymətinə baxmaq üçün ona verilməsini tələb etdi. O qəbzə baxdı, kənarına nə isə yazdı və xəstənin otağına göndərdi.

Qadın müalicənin haqqı yazılmış kağızı açıb oxumağa qorxdu. Fikirləşdi ki, belə bir xəstəliyin müalicə haqqını qalan ömrü boyunca işləsə də ödəyə bilməyəcəkdi. Nəhayət, vərəqə baxdı və qəbzin kənarındakı yazı diqqətini çəkdi. Aşağıdakı sözləri oxumağa başladı:

”Haqqı bir stəkan süd ilə tam ödənmişdir. İmza: Həkim Hauvard Kelli.” (P. S: İngiliscədən çevirmə müəllifindir.)

İnsanlararası münasibətlər bir yana qalsın,1941-1945-ci illər müharibəsində qazanılmış qələbədə, müharibədən sonrakı bərpa və quruculuq illərində Azərbaycanın oynadığı rolu, dünya iqtisadiyyatına, beynəlxalq sülhün qorunmasına verməkdə olan töhfələri vicdanlı heç kəs dana bilməsə də, qondarma Qarabağ probleminin ədalətli həllinə dünya barmaqarası baxmaqda davam edir.

Allah yaxşılığın qədrini bilənlərin sayını artırsın, bilməyənlərin də qəlblərini yaxşlıq etmək eşqi ilə, yaxşılığı əmr edən, pislikdən çəkindirən Quran əxlaqı ilə bəzəsin. Amin!RAHIB ALPANLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here