Turizm imkanlarımız Moskvada təqdim olunub

0
173

2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək və inanırıq ki, rusiyalı turistlər Azərbaycana hər dəfə gəldikdə yeni fərqliliklər kəşf edəcəklər. 

Bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.  

Tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, o cümlədən işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub. 

20-yədək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub. 

Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi  turizm nümayəndəliyi fəaliyyətdədir. 

2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31%) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn Rusiyalı qonaqlarının sayı 878 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 3% artıb. Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcəkdir.