Şəhid qızı: “Burada atama daha yaxın oluram”

0
474

Mənim atam vətənin dar günündə silaha sarılıb onun çağrışına hay verdi. Mingəçevirdən olan şəhid qızı  söhbətində belə deyib. Hər dəfə Şəhidlər xiyabanının yanından keçəndə bu qızcığazı bir şəhid məzarı başında aylayarkən görürdük. Onunla elə Şəhidlər xiyabanında həmsöhbət olduq. Atasının məzarı üstünə tez-tez gəldiyini dedi Nərmin Cəfərova.

O, yenə ağlayırdı. Deyir ki, atam döyüşə gedəndə yaş yarımlıq körpə olmuşam: ”Atamı  hər zaman xəyallarımda qəhrəman döyüşçü kimi xatırlayıram. Mən ata necə olur onu da bilmirəm, amma Şəhidlər xiyabanına gələndə  atamın 32 yaşlı mənə boylanan  şəkili ilə söhbət edirəm. Sanki o məni duyur. Ona deyirəm ki, ay ata, bax mən artıq böyük qız olmuşam. Sənsizlik bizi üzdü. Biz bir bacı, bir qardaşıq. Atam Şaban Cəfərov 32 yaşında Ağdamın Abdal-Gülablı kəndində şəhid olub. 1988-ci ildə  Mingəçevir könüllülərinə qoşularaq cəbhəyə yollanıb. 4 il döyüşüb. 1992 ci ildə xidməti vəzifəsini yerinə yetirərkən  şəhid olub. Anam atam haqqında bizə danışırdı. Mən isə ancaq atamın özü ilə bağlı xatirələrimi danışa bilərəm. O da burdaa Şəhidlər xiyabanında olan söhbətlərimizdir.

Mən onu da deyim ki, burada təskinlik də tapıram. Anam deyərdi ki, atam bizi çox sevirdi. Döyüşdə olarkən hərdən evə gəlib bizi oxçayardı. Atam şəhid olanda biz iki qat üzüldük. Çünki o hadisədən sonra anam 10 il yataq xəstəsi olub. Qardaşımla bizə xalam baxıb. Anam o ili həm anasını itirmişdi, həm də atamı. Çox çətinliklə böyümüşük”.

Nərmin xanımla söhbət əsnasında onu da bildirdi ki, anamın da taleyi yaxşı gətirmədi . 4 il atamla evli olub. Atam şəhid olandan sonra da xəstəlik aman verməyib. Bu gün çox şükürlər olsun biz övladlar böyüyüb anama dəstək olduq. Mən indi ali təhsilli bir gəncəm. Özüm də ”Azərişıq” ASC –nin  Mingəçevir Mərəkəzi Aran RETSİ də çalışıram. Demək istəyirəm ki, şəhidlik ən uca məqamdır. Atamın şəhid olması ilə fəxr edirəm. Onların əməlləri hər cür ehtirama layiqdir.Biz şəhid ailələri bu ehtiramın növbəti nümunəsini Prezident İlham Əliyevin şəhid vərəsələri ilə görüşündə bir daha şahidi olduq. Heç bir çətinliyimiz yoxdur. Bircə atasızlıqdan çətinlik çəkirik. İçimdəki boşluğu heç nə doldurmur. Mən belə düşünürəm ki, atasız qız qanadsız bir quşdur. Çünki qıza arxa dayaq ata olur. Mənim bu gün atama çox ehtiyacım var. Müəyyən bir yaş həddinə gəlib çıxsamda ata qayğısını, ata nəvazişini istəyirəm. Yaxşı xatirimdədir. Uşaq vaxtı uşaqlar atalarını çağıranda qısqanırdım. Ürəyimdə yavaşca pıçıldayırdım ki, kaş ki,mənim də atam olardı. İndi bu Şəhidlər xiyabanına tez-tez gəlirəm ona görə ki, bilirəm ki,atamın ruhu burdadır. Burada atama daha yaxın oluram. Burdan evə gedəndə sanki yüngülləşirəm. Belə bir atanın övladı olduğum üçün qürur və fərəh duyuram”.

 Sonda onu da qeyd edək ki, şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Esmira Hidayətova, Mingəçevir