Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndələri BMU-da olublar

0
134

   AMEA-nın Yüksək Texnologiyalar Parkı və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə keçırdiyi “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsində  iştirak edən Cənubi Koreyanın nümayəndə heyəti ilə Bakı Mühəndislik Universitetində (BMU) görüş keçirilib.

   

Nümayəndə heyəti ilə görüşən Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov universitetin fəaliyyəti, nailiyyətləri və hədəfləri haqqında ətraflı məlumat verib. BMU–nun “sahibkar universitet” modelində inkişaf etdirilməsinə əhəmiyyət verildiyini qeyd edən rektor bu sahədə Koreya təcrübəsindən istifadə edilməsini və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirib. Cənubi Koreya Universitetləri ilə münasibətlərdən bəhs edən rektor BMU-nun “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsində iştirakından müsbət nəticələr gözlədiyini bildirib.

 Bakı Mühəndislik Universitetindən verilən məlumata görə, daha sonra STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri – təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsi və layihənin mümkün perspektivləri haqqında məlumat veriblər.

Qeyd olunub ki, Azərbaycanda da innovasiya ekosisteminin inkişafı üçün mövcud vəziyyətin hazırki statusunun qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi vacib məsələdir.

   Səmimi keçən görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub. Görüşdə BMU-nun xarici əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov və Texnoparkın müdiri dosent İsa Qasımov da istirak edib. Qeyd edək ki, BMU texnoparkının müdiri İsa Qasımov “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin işində ekspert kimi BMU-nu təmsil edir. Gələcəkdə layihənin işinə BMU-dan digər əməkdaşların da cəlb olunması nəzərdə tutulur.

  

Görüşdən sonra  nümayəndə heyəti universitetin elmi-tədqiqat resursları və texnoparkı ilə yaxından tanış olublar.