İcra başçısı: “Problemlər mərhələ-mərhələ həllini tapacaq”

0
413

“Mingəçevir Az.Dres qəsəbəsində iki qazanxana tikiləcək”. Bu sözləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəsəbədə yerləşən 8 nömrəli məktəbdə sakinlərlə keçirdiyi növbəti görüşdə deyib. Başçı bildirib ki, Mingəçevirin iki ən böyük problem var ki, onlardan biri  suvarma, digəri isə binaların istilik sistemləri ilə bağlıdır.

Görüşdə çıxış edən sakinlər Həsən Baxışov, Cəfər Sadıqov, Səadət Məmmədova qəsəbədi digər problemlərin də olduğunu bildiriblər.  Belə ki, onlar qəsəbədə sahibsiz itlərin uşaqlara hücumundan, mal-qara sahiblərinin məsuliyyətsizliyindən,  məcburi köçkünlərin mənzil şəraitinin bərbad olmasından, bəzi məhəllələrdə kanalizasiya sisteminin olmamasından, həyətlərin işıqlanma sisteminin yararsızlığından, svetoforların azlığından və sair problemlərdən söz açıblar.

Bütün problemləri dinləyən başçı bildirib ki,  bu günlərdə Qaçqınkomun nümayəndəsi Mingəçevirdə olub: ”Məcburi köçkünlər üçün Mingəçevirdə yeni qəsəbə salınacaq. Artıq yeri də müəyyən olunub. O ki qaldı qaldırılan digər problemlərə. Onlar da mərhələ-mərhələ həllini tapacaq. Bizə məlumdur ki, qəsəbənin iki məktəbində istilik sistemi yoxdur. Artıq bu problem  həllini tapıb. Qəsəbədə iki qazanxana inşa olunacaq. Mingəçevirin su-kanalizasiya sisteminin daha da yaxşılaşdırılması üçün isə “Azərsu” ASC şəhərdə yeni layihəyə başlayıb. Mən əminəm ki,gələn ildən bu problemlərin heç biri olmayacaq”.

Qəsəbə sakinləri bu kimi problemlərin həllində belə görüşlərin əhəmiyyətli rol oynadığını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir