Vətən şəhidləri ilə ucalır

0
209

 

  Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Mingəçevir şəhər Texniki Humanitar Liseyin müəllim, şagird və valideynləri şəhid ailələrinə baş çəkir, onların dərdlərinə şərik olur, şəhidlərimizin həyat hekayələri ilə tanış olur, qəhrəmanlıq dərsləri alırlar.
Sevindirici haldır ki, bu ziyarətlər siniflərin öz təşəbbüsü ilə gerçəkləşir. Artıq 5 ailə müxtəlif siniflər tərəfindən ziyarət edilib və aksiya davam edir. 

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılmalı, ehtiramla yad edilməlidir. Çünki onlar  gələn nəsillərə örnəkdirlər. Bu gün şəhidlərimiz daim anılır, onların ailə üzvüləri dövlət tərəfindən daim diqqət və qayğı altındadır. Elə təhsil rəhbərləri də bu ailələri yaddan çıxarmır. Məktəblərdə silsilə tədbirlər təşkil edir, şəhidlərin ailə üzvülərini bu tədbirlərə dəvət edir şəhidlərin qəhrəmanlıqları gələcək nəsillərə çatdırılır. Bu tədbirlər Mingəçevirin bütün ümumtəhsil sahələrində mütəmadi olaraq təşkil edilir.  Bu dəfə isə məktəbin 7 texniki 1 sinifi başda sinif müəlliməsi Kəmalə Hümbətova olmaqla Aprel şəhidi Adil Kamran oğlu Adilzadənin ailə üzvülərini ziyarət ediblər. Şagirdlər şəhidin valideynlərinin evində olarkən Adilin keçdiyi döyüş yollarını əks etdirən albomla tanış olublar. Kəmalə müəllimə şagirdlərə şəhidlər barədə məlumat verib.

 Daha sonra şəhidin  anası  şagirdlərə oğlunun uşaqlıq illərindən, əsgərlik xidmətindən söz açıb. Adil haqqında danışmaq valideyn  üçün ağır olsa da, onlar  şagirdlərə Adilin  düşmənlə döyüşdə 17 erməni hərbiçisini məhv etdiyini deyiblər. Bildiriblər  ki, döyüşdə Adillə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə yetiriblər: ”Bu gün bizim ayaqda qalmağımıza səbəb sizin kimi vətənpərvər övladların bizləri unutmamağınızdır. Bizim dərdimizi dinləyən olanda az da olsa, təskinlik tapırıq. Minnətdarlıq bildirik sizin məktəbin rəhbərliyinə ki, bizi unutmursunuz”.

Esmira Hidayətova, Mingəçevir