Şəhid ailəsi kimi dövlət başçısından həmişə diqqət və qayğı görmüşəm

0
46

Quba rayonunun Vladimirovka kənd sakini Mübariz Qaraxanov torpaqlarımızı erməni hərbi birləşmələrinin hücumundan qoruyarkən şəhid olub. Şəhidin atası 84 yaşlı Zöhrab Qaraxanov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, oğlu Dağlıq Qarabağ hadisələri başlayandan, ermənilərin əsassız torpaq iddialarının ilk günündən özünü çox narahat hiss edirdi: “Oğlum könüllü kimi cəbhəyə getmək fikrini mənə deyəndə razılığımı bildirdim. O, elə mənim xeyir-duamla da cəbhəyə yollandı. 1992-ci il avqustun 10-da cəbhəyə yollananda ona belə bir tövsiyə də verdim: “Oğul, müharibədir, hər şey ola bilər. Çalış, diri ikən düşmən əlinə keçmə. O: “Arxayın ol, ata!” dedi.

Zöhrab Qaraxanov oğlunun döyüş yoldaşı Mobil Əhmədova istinadən bu sözləri də dedi: “Mübariz cəbhəyə getdiyi ilk gündən  cəsarəti ilə döyüş yoldaşları arasında böyük nüfuz qazanıb. Dəfələrlə ermənilərin postlara hücumlarının qarşısının alınmasında mərdliklə vuruşub. Oğlumun qulluq etdiyi 72 nəfərdən ibarət bölük Xocavənd rayonunun Əmralılar kəndini qoruyurdu. Ermənilər bu kəndə mütəmadi hücumlar təşkil edirdilər. Bununla bağlı komandanlığa məlumat verilsə də, onların köməyinə əlavə qüvvə göndərilməyib. Oktyabrın 2-də səhər tezdən erməni hərbi birləşmələri güclü hücuma keçiblər. Bu əməliyyatda onların 28-ə yaxın döyüş maşını, 1500 nəfər piyadası iştirak edib. Həmin qeyri-bərabər döyüşdə oğlum Mübariz son gülləsinədək vuruşub. Vəziyyətin getdikcə gərginləşdiyini görən oğlum  əlindəki qumbara ilə düşmən texnikasının üstünə yeriyib və özünü erməni tankının altına atıb. Həmin döyüşdə oğlumdan savayı, daha 15 nəfər əsgərimiz şəhid olub”.

Hazırda arıçılıqla məşğul olan Zöhrab Qaraxanov bildirdi ki, şəhid ailəsi kimi dövlət başçısından həmişə diqqət və qayğı görüb: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyat zamanı xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının Fərmanına əsasən, 11 min manat məbləğində birdəfəlik maddi yardım bizə də təqdim olunub. Prezidentimizin şəhid ailələrinə verilən aylıq müavinətlərin məbləğinin artırılması barədə imzaladığı Fərman da diqqətəlayiqdir. Fevralın 12-də Prezident İlham Əliyev REAL televiziyasına müsahibəsində də bu barədə danışdı. Üstəlik bildirdi ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib və bu istiqamətdə işlər davam etdiriləcək”.

Dövlətin həmişə vətəndaşının, o cümlədən şəhid ailələrinin yanında olmasını xusüsi vurğulayan  Zöhrab Qaraxanov, həmçinin qeyd etdi ki, həyatını torpaq uğrunda qurban verən fədakar oğulların qəhrəmanlığı hər cür hörmət və ehtirama layiqdir: “Bir sözlə, Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır, yerli icra hakimiyyəti orqanlarına bu barədə göstərişlər verir. Şəxsən mən bir şəhid ailəsi kimi şəhid ailələrinə dövlət səviyyəsində göstərilən bu qayğını yüksək qiymətləndirirəm. Buna görə dövlət başçımıza, eləcə də şəhid analarına, şəhid ailələrinə həmişə himayədarlıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, onu da deyim ki, həmin vəsaitdən oğlumun, o cümlədən bütün şəhidlərimizin ruhlarına dualar oxutdurdum: “Qubada da oğlum Mübarizin xatirəsi əziz tutulur. Belə ki, Quba şəhərindəki geniş küçələrdən birinə onun adı verilib”.

Qvami Məhəbbətoğlu, “İki sahil”