Belə sərəncamlar davamlı olacaq

0
32

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 130 manatdan 180 manata çatdırılıb.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında həmin Sərəncamı tarixi sənəd adlandırdı:  “Bu Sərəncam “Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” deyən ölkə başçısının əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı növbəti mühüm addımdır. Belə ki, ölkəmizdə əməkhaqları, yaşayış minimumu, pensiya müavinətləri, demək olar, hər il artırılır, bunu əsla danmaq olmaz. Son 15 ildə ölkə üzrə orta əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb. Amma bu məbləğlər indiki artımla müqayisədə o qədər də çox olmayıb. Budəfəki artım – 38, 4 faiz isə olduqca önəmlidir. Yəni minimum aylıq əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Bu, həm də respublikamızda həyata keçirilən uğurlu siyasətin vətəndaşların güzəranının yaxşılaşdırılmasına yönəldiyinin  daha bir göstəricisidir. Başqa sözlə desək, minimum aylıq əməkhaqqının bu qədər artırılması əhalinin yaşayış səviyyəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunun, dövlətimizin xalqa qayğısının ifadəsidir”.

Belə yüksək artıma dünya dövlətlərində çox nadir hallarda təsadüf olunduğunu vurğulayan Milli Məclisin deputatı qeyd etdi ki, minimum aylıq əməkhaqqının artımı dövlət və özəl sektorlarda çalışan təxminən 600 minədək insanı əhatə edəcək: “Minimum aylıq əməkhaqqının artırılması,  eyni zamanda, sosial sığorta haqlarının artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcək”.

Milli Məclisin deputatı, həmçinin bildirdi ki, həyata keçirilən uğurlu islahatlar, layihələr sayəsində ölkəmiz inkişaf etdikcə, onun iqtisadi göstəriciləri də ildən-ilə artır: “Bu isə belə sərəncamların davamlı olacağına zəmin yaradır. Yəni ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə də minimum aylıq əməkhaqqının yenidən artırılacağı gözləniləndir. Mən buna tam əminəm”.

Sadə vətəndaşlar da ölkə Prezidentinin bu Sərəncamından olduqca məmnundurlar. Ölkənin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də insanlar həmin Sərəncamı yüksək qiymətləndirirlər.

Məsələn, Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi  Məsləhət Hacıyev bizimlə söhbətində bu Sərəncamın onun həyatında müəyyən dönüş yaradacağını bildirdi. Buna görə Prezidentə  minnətdarlığını bildirən müsahibimiz vurğuladı ki, həqiqətən də dövlət başçısının düşünülmüş siyasi kursunun əsasını, ana xəttini vətəndaşlarımızın həyat səviyyəsinin getdikcə yüksəldilməsi təşkil edir: “Fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar imzalanmış Sərəncam bunun bariz nümunəsidir. Odur ki, mən şəxsən bu sənədi yüksək dəyərləndirirəm”.

“Azərpoçt” MMC-nin Mingəçevir Poçt Filialının əməkdaşı İsrafil Ramazanov da onun dedikləri ilə razı olduğunu söylədi. Əlavə etdi ki, Sərəncama əsasən, özəl sektorda işləyənlərin də aylıq əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Bu da çox mühüm bir hadisədir. Bu mənada, dövlət başçısının hər bir ölkə vətəndaşına göstərdiyi diqqət, qayğı xalqın öz Prezidentinə  inamını daha da artırır”. 

Qvami Məhəbbətoğlu