Mingəçevirli gənc uğurlu fəaliyyətinə görə təltif olundu

0
139

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Elektra Events Hall”da Ümumrespublika Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə, təltif olunanlar arasında Mingəçevir Regional Debat Mərkəzinin sədri, eləcə də “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin təsisçisi və sədri Etiram Sadıqzadə də var. 2018-ci il ərzində müxtəlif regionlarda müxtəlif tədbirlərdə layihə rəhbəri, layihə koordinatoru, təşkilatçı olan E.Sadıqzadə Gənclər və idman naziri Azad Rəhimov tərəfindən  “2018-ci ildə uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə diplomla təltif olunub.  

Tədbirdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıb. Əvvəlcə 2018-ci ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri əks etdirən videoçarx yayımlanıb. Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü elan edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. İstedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

Tədbirdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.  Bu təltifi dəyərləndirən E.Sadıqzadə bildirib ki, düşünürəm ki, bu yüksək etimadla bərabər həm də böyük məsuliyyətdir: “Etimad göstərənləri əmin edirəm ki, 2019-cu ildə daha böyük səylə çalışaraq Azərbaycan Gənclər Siyasəti istiqamətində əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”. O,  fəaliyyətində dəstək olan bütün dövlət qurumlarına və şəxslərə təşəkkürünü bildirib.

Esmira Hidayətova