“Məktəbin və ailənin məqsədi birdir”

0
351

Müəllim ömrünü yanar şama bənzədənlər yanılmırlar. Müəllimlərimiz də şam işığı kimi bizim ömür yolumuza nur saçırlar. Bizə biliklər öyrədir, təlim-tərbiyə verir, dünya sirlərindən xəbərdar edirlər. 

Bu xeyirxah, nəcib insanların əməyi əsil alqışa layiqdir. 

Bütün mənalı ömrünü uşaqların təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş Rahilə Əliyeva da belə pedaqoqlardan biridir. Sanki müəllimlik onun tale yazısıdır. 

Bu peşəni özü sevdiyi qədər də başqalarına sevdirməyi bacarıb.

Rahilə Əliyeva 1978-ci ildə APİ–nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fakultəsinə daxil olub. 1982-ci ildə institutu bitirdikdən sonra təyinatla Quba rayonunun Əlibəyqışlaq kənd məktəbində fəaliyyətə başlayıb. O, həmin məktəbdə öz ixtisası üzrə və əlavə olaraq ibtidai sinif müəllimi kimi işləyib.

 1991-ci ildən Mingəçevir 13 nömrəli məktəbdə sinif müəllimi kimi fəaliyyətini davam etdirib. 37 illik fəaliyyəti dövründə neçə-neçə şagirdə təhsil verməklə yanaşı, onları istedadlı bir insan kimi həyata hazırlayıb. Artıq 15-ci buraxılış sinifinin şagirdlərinə elm–bilik verməklə məşğuldur. Bu günlərdə Rahilə müəllimə ilə həmsöhbət olarkən, doğurdan da gördük ki, o, hər bir şagirdlərlə isti münasibətlər qurur və onlara ana məhəbbəti ilə yanaşır.

Rahilə müəllimə deyir ki, şagird müəllimi sevməsə, onun dərsini oxumaz: ”Mən bir müəllimə kimi çalışıram ki, hər hansı mövzunu tədris edərkən dərsi şagirdlərin başa düşəcəkləri səviyyədə keçim. Çalışıram ki, dərsi şagirdlərin maraqları əsasında qurum. Onu da deyim ki, şagirdlərim mənim dərsimdə daim yeni-yeni biliklərə yiyələnirlər”.

Rahilə müəllimənin sözlərinə görə, dərsi qurarkən onun mərhələlərindən düzgün istifadə etməyə çalışır: ”Müasir dövrdə hər bir sahədə inamla addımlayan Azərbaycanımızın xoş sabahı, gələcəyi üçün elmli, savadlı, dünyagörüşlü insanlar lazımdır. Ona görə də biz müəllimələr üzərimizə düşən vəzifəmizin öhdəsindən vicdanla gələməliyik ki, gələcəyə bilikli, bacarıqlı şagirdlər yetişdirək. Mən fəxrlə deyə bilərəm ki, yetirmələrimin sorağı bu gün dünyanın, ölkəmizin hər yerindən gəlir. Müəllim üçün bundan böyük sevinc, məncə, yoxdur”.

Rahilə müəllimə onu da bildirir ki, təhsilin inkişafında valideynlərin də üzərinə böyük vəzifələr düşür: ”Ona görə də valideynlərlə mütəmadi  əlaqə saxlayıram. Məktəbin və ailənin məqsədi birdir: şagirdləri bilikli, bacarıqlı, əməksevər gənc vətəndaşlar kimi yetişdirmək. Ayrılıqda nə məktəb, nə də ailə həmin məqsədə nail ola bilər. Ona görə də hər bir ailənin məktəblə əməkdaşlığı, sıx əlaqəsi olmalıdır. Çox şükür bizim valideynlər məktəblə sıx əlaqə saxlayırlar”.

Rahilə müəlliməyə gələcək fəaliyyətində də uğurlar arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir