Nəsimi irsi: bütün xalqların sərvəti

0
147

“Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi İli” elan edilməsi dahi şairə verilən dəyərin ən yüksək göstəricisidir. Bu Sərəncam həm də Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir”. Bu fikirləri tanınmış şair Qəşəm İsabəyli “İki sahil” qəzetinə açıqlamasında söylədi. Bildirdi ki, hər kəsin, “Nəsimi İli”ndən özəl bir gözləntisi var: “Elə bir Azərbaycan vətəndaşı tapılmaz ki, mənasını dərk edib-etməməsindən asılı olmayaraq, bu qüdrətli sənətkarın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını əzbər bilməmiş olsun.

Qəşəm İsabəyli  Nəsimini mütaliə edərkən daldığı düşüncələrdən söz acid: “Bəli, Nəsimini oxuyub dərindən başa düşmək üçün mütləq müqəddəs kitabımız Quranı bilmək vacibdir. Yoxsa böyük ustadın elə misraları olacaq ki, bizə primitiv görünəcək, bəzisi də qəliz. Azərbaycan şeirinin, eləcə də türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu olan Nəsiminin böyüklüyü də özünü misralarında gizlədə bilməsindədir:

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çun,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyanə sığmazam.

Məhz bu gün Nəsiminin şərhi-bəyana da ehtiyacı var. Odur ki, “Nəsimi İli”ndə görüləsi tədbirlərdən birincisi onun mədəni irsində başa düşmədiyimiz misraların, çətin anlaşılan əsərlərin təfsirini – izahını özündə əks etdirən tədqiqat əsərlərinin yazılıb nəşr edilməsidir. Mərhum Cahangir Qəhrəmanov “Nəsimi divanının leksikası” adlı monoqrafiyasında buna bənzər iş görmüşdü. Amma Azərbaycan oxucusu üçün daha təkmil təfsir lazımdır ki, Nəsimi irsini dərindən anlayıb, mənimsəyə bilsin. Bir sözlə, Nəsimi haqqında çox  elmi əsərlər yazılsa da, bu dahi şairin bu gün yenidən tədqiq edilməsinə, onun haqqında daha sanballı əsərlərin yazılmasına böyük ehtiyac var. Ümumiyyətlə, Azərbaycan elmi Nəsiminin tədqiq olunmasına bir daha baş vurmağa borcludur”.

Qəşəm İsabəyli, həmçinin bildirdi ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib. Söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş bu filosof şair yalnız Azərbaycan deyil, eləcə də  türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib.

Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi İli” elan edilməsi barədə Sərəncamının əhəmiyyəti bir də ondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb. Eyni zamanda, bəyan edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Yəni o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyil. Bu mənada Nəsimi irsi bütün xalqların sərvətidir. Elə bu aspektdə də Nəsiminin bir daha şərhi-bəyana ehtiyacı var. Şübhəsiz, həmin tarixi Sərəncam bu müssiyanın öhdəsindən gəlməkdə hər bir söz adamına vəsilə olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”