Məhsulumuz daha bir neçə ölkəyə ixrac olunacaq

0
542

Azərbaycan bir neçə ölkəyə məhsul ixracına dair razılığa gəlib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın meyvə və tərəvəz məhsulları fevralın əvvəlində Almaniyanın paytaxtı Berlində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə edilib. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb.

Azərbaycanın “Mars FK” İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə ediblər.

“Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.

Qeyd edək ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.