Maaş artımı kimlərə şamil olunacaq?

0
594

Minimum əməkhaqqının 38,5 faiz artırılması son illər minimum əməkhaqqı məbləğində ən yüksək artım kimi xarakterizə olunmalıdır.

alpaninfo.com xəbər verir ki, bu sözləri axar.azz-a Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, minimum əməkhaqqının artırılması ilə bağlı qərardan 600 min vətəndaş faydalana biləcək:

“Əvvəla, minimum əməkhaqqının əvvəlki səviyyəsində – 130 manat, eyni zamanda, minimum əməkhaqqının nisbətən əvvəlki səviyyəsindən daha çox əməkhaqqı alanların əməkhaqlarında da artım olacaq. Minimum əməkhaqqının 180 manat müəyyənləşdirilməsi o anlama gəlir ki, artıq dövlət və özəl sektorda sözügedən məbləğdən aşağı əməkhaqqı verilməsi qadağan olunacaq və bütün hallarda əməkhaqqı 180 manatdan yüksək olacaq. Nəzərə alsaq ki, bir sıra dövlət, eləcə də özəl xidmət sektorunda əməkhaqqı nisbətən aşağı idi. Nəticə etibarilə bu qərar əməkhaqlarının artırılması üçün bir baza formalaşdırır. Təbii ki, daha çox dövlət sektorunda çalışanlar əməkhaqqı artımından faydalana biləcəklər. Belə ki, dövlət sektorunda 450 min maaş alan vətəndaşın əməkhaqqında artımlar olacaq. Orta hesabla əməkhaqqı artımlarının 30 faiz ətrafında olacağı gözlənilir. Təbii ki, artımlar məbləğdən asılı olaraq əməkhaqlarında özünü göstərəcək”.

İqtisadçı vurğulayıb ki, qərar özəl sektor üçün də keçərlidir:

“Özəl sektorda da əməkhaqlarının artımı müşahidə olunacaq. Çünki özəl sektorda dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı ilə bağlı yeni məbləğə uyğun olaraq maaş sistemi qurulmalıdır. Bu da özəl sektorda çalışanların əməkhaqqına birbaşa təsir göstərəcək”.

V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artırılması həm də orta aylıq əməkhaqqına təsir göstərən faktorlardan biridir:

“Azərbaycan Avropa Şurasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını hədəfləyir. Bu hədəfə mərhələli şəkildə nail olması gözlənilir. Məqsəd növbəti dövrdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin minimumlaşdırılmasından ibarətdir. Təbii ki, bu da orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək və artımlara səbəb olacaq”.

Ekspert minimum əməkhaqqının artırılmasının 2019-cu il üzrə sonuncu qərar olmayacağını düşünür:

“Çünki minimum əməkhaqqı artırıldıqdan sonra büdcənin mövcud imkanlarını nəzərə alsaq, əməkhaqqı və pensiyalarda əlavə olaraq 10 faiz artım mümkündür. Bu, Hesablama Palatasının rəsmi rəyində də qeyd olunub. O baxımdan da növbəti dövrlərdə də orta aylıq əməkhaqları və xüsusən də büdcədən maliyyələşən vətəndaşların əməkhaqlarında artımlar olacaq. Təbii ki, minimum əməkhaqqının illər üzrə artırılması və növbəti illərdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması əsas hədəflərdən biridir. O baxımdan da minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı qərar həm də sosial təminatın gücləndirilməsi kimi xarakterizə olunmalıdır. Nəticə etibarilə bu, həssas quruplar, xüsusən də aztəminatlı ailələrin gəlirlərində artımlara imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.