101 ildən sonra 101 müəmma

0
51

Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən “101 ildən sonra 101 müəmma” bədii-sənədli filminin çəkilişlərinə başlanılıb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin “qəhrəmanına” çevriləcək”.

C. Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd həm Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini söyləyən Cəlaləddin Qasımov deyib ki, artıq ekran əsəri üzərində bir çox işlər yekunlaşıb. Bakıda aparılan çəkilişlər başa çatıb, bundan sonra Hacı Zeynalabdin Tağıyevin xeyriyyə işləri gördüyü bir sıra bölgələrdə çəkilişlər aparılacaq.

C. Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarist qeyd edib ki, filmin adında iki dəfə 101 rəqəminin təkrarlanması əslində bir neçə məqamla bağlıdır. Birincisi 1918-ci ilin sentyabrında Bakı erməni-bolşevik istilasından azad edilib. Bu tarixi hadisədən bizi 101 illik zaman ayırır: “Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən, ötən ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Dövlətimizin başçısı dəfələrlə ziyalılarımız və yerli ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə tariximizin müxtəlif dövrlərinə və hadisələrinə münasibətini bildirib, tarixçilərimiz qarşısında prioritet tədqiqat istiqamətləri müəyyənləşdirib. Bu səbəbdən də ötən bir əsirlik tarixi proseslərə bu filmlə qısa da olsa nəzərə salmaq istədim. Bilirsiniz ki, Bakını erməni-bolşevik istilasından azad edilməsi şərəfinə Hacı Zeynalabdin Tağıyev böyük ziyafət təşkil edib. Məhz bu məqam da filmdə öz əksini tapıb. İkinci bir məqam isə Hacının 101 il yaşaması ilə bağlıdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C. Qasımov , həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə də sənədli filmin çəkilişlərinə başlamışam. 40 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Üç aydı davam edən çəkilişlərin böyük hissəsi başa çatıb, yaxın vaxtlarda film üzərində montaj işlərinə başlanılacaq”.

Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Stalinin Hacıya və Bakı qoçularına verdiyi sözü tutmamasından, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

Qeyd edək ki, Cəlaləddin Qasımovun ssenari müəllifi olduğu “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Film bu günə kimi 24 beynəlxalq festivalda uğur qazanıb. Ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. azərtac