Bolqar rejissor Xristo Stoyçev YUĞ Teatrında tamaşa hazırlayacaq

0
81

YUĞ Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.

Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tezliklə bolqar rejissor YUĞ Teatrında tamaşa hazırlayacaq. Hər zaman beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən YUĞ Teatrı bolqar rejissor Xristo Stoyçevlə razılıq əldə edib. Razılaşmaya əsasən, rejissor YUĞ Teatrında U.Şekspirin “III Riçard” əsərində quruluş verəcək. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim etməyi planlaşdırır. Belə ki, tamaşada cəmi 4 obraz iştirak edəcək. Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması planlaşdırılır. Artıq bolqar rəssam Olqa Boseva ilə də ilkin razılıq əldə olunub.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına böyük töhfələr verib. Beynəlxalq Teatr Konfransı zamanı tanış olduğumuz və yaradıcılıq əlaqələri qurduğumuz sənətçilərdən biri – bolqar rejissor Xristo Stoyçevlə növbəti yaradıcılıq əməkdaşlığı ilə bağlı görüşümüz olub. Qarşılıqlı razılığa əsasən, X.Stoyçevin Azərbaycan Dövlət “YUĞ” Teatrında Şekspirin “III Riçard” əsərinə quruluş verməsi planlaşdırılıb. Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkrəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 

İnanırıq ki, bu beynəlxalq layihənin həyata keçirilməsi həm “YUĞ” Teatrının yaradıcı inkişafı, həm də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edəcək.