Muzey alman əsirinin yazdığı kitabın tərcüməsi ilə bağlı məsələ qaldırıb, amma…

0
196

Alman əsiri Villi Deşşin gündəliyi və onun alman əsirlərinin xatirələri haqqında kitabı Mingəçevir Tarix Muzeyinin 16 min  eksponatı arasında ən çox maraq doğuran eksponatlardandır. Bu günlərdə Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyevlə görüşüb bu maraqlı eksponatla bağlı daha ətraflı məlumat almağa çalışdıq. Müsahibimiz bildirdi ki, 1945-ci ilin payız aylarının sonlarında Mingəçevirə SES tikintisinə işçi kimi çalışmağa 10 min alman hərbi əsiri gətirilib: ”Hərbi əsirlərdən Mingəçevir SES tikintisi ilə yanaşı, sonrakı illərdə şəhərin salınmasında da istifadə olunub. Həmin əsirlərdən burada dünyalarını dəyişənlər də oldu, sağ qalanlar da. Vəfat etmiş alman əsirləri üçün Mingəçevirdə alman qəbirstanlığı da salındı. Hazırda Mingəçevirdəki alman qəbirstanlığında  827  alman əsirinin məzarı  var. Sağ qalanlar isə 1950-ci ildə  bəraət alıb öz ölkələrinə qayıdıblar. Bu əsirlərin arasında Villi Deşş  adlı bir əsir keçirdiyi əsirlik illərindən bir əlyazma şəkilində kitab yazıb. Bu kitabda alman əsirlərinin  Mingəçevirdə olduqları müddətdə başlarına gələn əhvalatlar əks olunur.

1998-ci ildə Villi Deşş 4 nəfər əsir yoldaşı ilə  Mingəçevirə gələrək, həm buradakı soydaşlarının qəbirlərini  ziyarət ediblər, həm də şəhərlə yaxından tanış olublar. Elə həmin vaxt da bu xatirə kitabını   bizə təqdim ediblər”.

Nofəl müəllimin sözlərinə görə, bu eksponatla Mingəçevirə gələn turistlər də maraqlanırlar: “ Hətta bu yaxınlarda bir alman ailəsi bizim muzeydə bu kitabla tanış olarkən çox təsirləndiklərini də deyiblər”.

Nofər Məmmədəliyev kitabdakı bir neçə maraqlı xatirəni də bizə açıqladı: ”Villi Deşş yazır ki, “biz müharibə zamanı bu xalqa çox zülümlər verməyimizə baxmayaraq, onlar bizə düşmən gözü ilə baxmırdılar. Əksinə bizə isti yeməklər verirdilər, qayğımız qalırdılar. Biz işə gedib-gələrkən onların gözlərinə baxırdıq, lakin onların gözlərində kin-küdurət görmürdük”.

Müsahibimiz, həmçinin  həmin bu kitabı 4 dildə tərcümə etdirmək niyyətində olduqlarını da bildirdi: “ Bu məqsədlə Multukultralizm Mərkəzinə  məktubla müraciət etmişəm. Lakin hələ ki, bir nəticə yoxdur. Yenə deyirəm, bu kitabda xalqımız, eləcə də Mingəçevir haqqında xoş sözlər yazılıb. Elə bu aspektdən də kitabın tərcüməsi çox önəmlidir”.

Esmira Hidayətova, Mingəçevir