Şəxsiyyətlər Muzeyindəki büstlərin sayı 59-a çatıb

0
15

Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində daha 3 görkəmli azərbaycanlının büstü ucaldılıb. Bununla da burada ucaldılmış tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin sayı 59-a çatıb. Yeni qoyulan büstlər tanınmış bəstəkar Ramiz Mirişliyə, heykəltəraş Ömər Eldarova və sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyova məxsusdur.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların ən sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə Şəxsiyyətlər Muzeyində aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin – – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi və Hüseyn Cavidin heykəlləri qoyulub.