Vətən yolunda canından keçənlər heç vaxt ölmürlər

0
162

Ölkəmizdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları yüksək dövlət qayğısı ilə əhatə olunublar. Özü də bu diqqət və qayğı ildən-ilə, gündən-günə artır. Ötənilki prezident seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən imzalanan ilk Fərmanla on minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin qərara alınması, bu ilin yanvar ayında imzaladığı fərmanla isə vaxtilə müavinət almış şəhid ailələrinin əhatə dairəsinin genişləndirilməsi buna bariz numunədir. Prezident İlham Əliyevin şəhid vərəsələrinə göstərdiyi bu ehtiram hər cür təqdirəlayiqdir. Təsadüfi deyil ki, bu yaxınlarda Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüşdə çıxış edən şəhid ailələrinin nümayəndələri dövlət başçımızın bu humanist addımını yüksək dəyərləndirdilər. Üstəlik, Azərbaycanın belə bir rəhbəri olmasından qürur duyduqlarını bildirdilər. Elə iştirak etdiyim tədbirlərdə də şəhid ailələrinin, müharibə əlillərinin dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarının şahidi oluram”. Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Mingəçevir Şəhid Ailələri Müdafiəsi Cəmiyyətinin sədri, şəhid anası İranə Həsənova söylədi.

Bildirdi ki, həmin fərmanlar torpaqlarımız uğrunda şəhid olmuş  Mingəçevirin 300-dən çox şəhid ailəsinə də şamil olunub: “Bir şəhid anası kimi, şəhid anaları adından demək istəyirəm ki, bizim ayaqda durmağımızın əsas səbəbkarı ulu öndər Heydər Əliyev olub. İndi də onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev bizə arxadır”.

İranə Həsənovanın fikrincə, doğmalarını itirmiş şəhid ailələrinin üzvlərinin dərdləri böyükdür: “Düzdür, biz analar oğullar itirdik, bu, bizim qəlbimizi göynətdi. Şəhid anası olmaq ağırdır, amma dərindən düşünəndə ki, bu, Vətən ağrısıdır həmin ağrıya dözürsən. Oğlum mənim üçün sağdır. Vətən yolunda canından keçənlər heç vaxt ölmürlər, şəhidlik zirvəsinə ucalırlar. Bu zirvəyə ucalanlar isə  Vətənin, xalqın oğulları olurlar. Bu mənada qürur hisslərim də yüksəkdir. Dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə göstərdiyi hər cür qayğı isə bu hisslərimə yeni çalarlar əlavə edir”.

Müsahibimiz öz arzusunu da dilə gətirdi: “Dövlət başçımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istiqamətində səylə çalışır.  Şübhə etmirəm ki, neçə-neçə vətənpərvər övladların uğrunda fəda olduqları torpaqlarımız tezliklə Ermənistanın  işğalından azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq.  Bax, mən elə o günlərdə oğlumun şəhid olduğu yerə  gedəcək, onun can verdiyi məkanda bu sözləri pıçıldayacağam: “Gözün aydın, mənim balam. Uğrunda şəhid olduğun torpaqlarımızdayıq”. Bir şəhid anası kimi inanıram ki, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu arzum reallaşacaq”.

3 oğul övladı olan İranə xanım bildirdi ki,  şəhid olmuş oğlu Elçin onun sonbeşiyi idi: “O, 19 yaşında Vətənə olan borcunu yerinə yetirmək məqsədi ilə  hərbi xidmətə yollanıb. Füzuli rayonunun Qaraxanbəyli kəndində 1994-cü il yanvar ayının 10-da yaralı əsgər yoldaşını xilas edərkən şəhid olub. Hadisədən 6 ay keçməmiş Mingəçevirdəki Hərbi Avtomobil Məktəbində müəllim işləyən Azər adlı oğlum, daha sonra isə həyat yoldaşım bu dərdə dözməyərək dünyalarını dəyişiblər. Mingəçevir Şəhər Bələdiyyəsinin hüquq məsələləri üzrə daimi komissiyanın sədri vəzifəsində çalışan oğlum Fikrətin 4 övladı var ki, onlardan biri Elçinimin adını daşıyır. Hazırda 6-cı sinıfdə oxuyan Elçin yağı düşməndən əmisinin intiqamını almaq məqsədi ilə hərbçi olmaq arzusundadır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”