“Cənub qaz dəhlizi”nin təşəbbüskarı da, icraçısı da, təminatçısı da Azərbaycandır”

0
472

2021-ci ildə “Abşeron” yatağının istismarına başlanılacaq. Bu barədə energetika naziri Natiq Əliyev məlumat verib. Nazir qeyd edib ki, indi mövcud maliyyə imkanları sayəsində bütün perspektiv yataqlarda kəşfiyyat aparılıb və onların potensialı məlumdur: “Məsələn, hazırda “Ümid”, “Abşeron”, “Şəfəq-Asiman” və “Babək” yataqları açılıb. Artıq “Ümid”də hasilata başlanıb”. N.Əliyev bildirib ki, bunlar Azərbaycanın potensialının Avropada, o cümlədən bütün dünyada daha vacib mövqedə bərqərar olmasına stimul verir: “Əsrin müqaviləsi”nin daha bir mühüm əhəmiyyəti onun Azərbaycanın neft-qaz sənayesində yeni eranın başlanğıcı olmasındadır. Bu eranın hazırkı dövrünü tərəddüd etmədən Prezident İlham Əliyevin adı ilə bağlayıram. Əgər Azərbaycanın Avropanın qaz təminatında yeni oyunçuya çevrildiyini deyiriksə, Avropada enerji xəritəsini dəyişiriksə, o zaman Azərbaycan üçün yeni qaz erasının açılmasını ürəklə qeyd edə bilərik. İndi yeni layihələrin işlənməsi ilə bağlı təkliflər meydana çıxır, qazın ixrac kəməri ilə Avropaya çatdırılmasında böyük imkanlar yaranır. Hazırda “Cənub qaz dəhlizi”ndən bəhs olunarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, onun təşəbbüskarı da, icraçısı da, təminatçısı da Azərbaycandır. Bunun üçün ölkəmizin qaz potensialı kifayət qədərdir. Həmçinin maliyyə imkanları, texniki imkanlar, kadr potensialı var. Ona görə də “Şahdəniz” layihəsi XXI əsrin ən böyük, ən əhəmiyyətli və ən həlledici layihəsi olacaq. Yaxın 5 ildə bu layihəyə 45 milyard dollar vəsait qoyuluşu nəzərdə tutulur. Bununla əlaqəli digər layihələr də həyata keçiriləcək. Buraya 25 milyard dollar sərmayə tələb edən “Şahdəniz-2” layihəsi də daxildir. Yataqda 26 quyu qazılacaq. “Şahdəniz”in əməliyyatçısı olan BP-nin hesablamalarına görə, bu bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Lakin mən bu həcmin daha çox – 20-25 milyard olacağını düşünürəm. Həmin layihənin icrası zamanı Xəzər dənizində ilk dəfə tətbiq ediləcək yeni hasilat texnologiyalarından istifadə nəzərdə tutulur. Dənizdibi quyular görünməyən hissədə istismar ediləcək. Ümumilikdə bütün infrastrukturun yeniləşdirilməsi qarşıya qoyulan vəzifələrdəndir. “Şahdəniz-2” ilə əlaqədar Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəməri də genişləndiriləcək. TANAP layihəsi çərçivəsində boru kəmərinin tikintisi Azərbaycan tərəfindən icra ediləcək. “Cənub qaz dəhlizi”nin ümumi proseslərə hərtərəfli təsiri proqnozlaşdırılır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here