Beynəlxalq təşkilatlar onun sükutunu poza bilər

0
160

Ermənistanda baş verən dövlət çevrilişindən sonra rəsmi İrəvanın Qərblə, rəsmi Moskva ilə əlaqələrinin güclənəcəyinə az da olsa ümid vardı.  Lakin baş nazır Nikol Paşinyanın, eləcə də onun komandasının siyasi səriştəsizliyi, naşılığı ucbatından bu gözləntilər reallaşmadı. Odur ki, hazırda Nikol Paşinyan Ermənistanda daha sərt tənqid hədəfinə çevrilib. Bu da işğalçı ölkədə  yaşanan siyasi, iqtisadi gərginliyə yeni rənglər əlavə etməkdədir. Məsələn, ötən ilin dekabr ayının 9-da Ermənistanda keçirilən parlament seçkilərində biabırçı məğlubiyyətə uğrayan Respublikaçılar və Daşnaksütyun partiyalarının nümayəndələri bu günlərdə yeni hökumət əleyhinə mətbuat konfransı keçirərək baş nazirin xarici və daxili siyasətini ifşa ediblər. Üstəlik, onu “Haynews.am” saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryanın “Nubaraşen” həbsxanasında aclıq aksiyası nəticəsində ölümündə, həmçinin vaxtilə hakimiyyətdə olan şəxsləri təqib etməkdə, həbsxanalara atmaqda günahlandırıblar. Qeyd edək ki, hazırda həbsdə olan sabiq prezident Robert Koçaryanın tərəfdarları da çox  fəallaşıblar. Belə ki, onlar artıq liderlərinin azad olunması tələbi ilə İrəvanda fəaliyyət göstərən səfirliklər qarşısında etiraz aksiyaları keçirirlər. Digər tərəfdən, separatçıların liderlərindən sayılan, Dağlıq Qarabağın qondarma “Milli Təhlükəsizlik Şurası”nın katibi, general Vitali Balasanyan da Robert Koçaryanın hakimiyyəti devirmək maddəsi ilə ittiham olunmasından narazıdır. Bu da separatçı qurumda Koçaryan tərəfdarlarının gücündən xəbər verir.

Siyasi elmlər doktoru, ekspert  Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu, Nikol Paşinyana meydan oxumaq, onun həbsxanadakı rəqibinə dəstək verməkdir: “Qeyd edim ki, artıq qondarma separatçı rejimin təmsilçiləri Nikol Paşinyanın onların daxili işlərinə müdaxilə etməsindən, eləcə də gələn il keçiriləcək “prezident seçkiləri”ndə öz adamını seçdirəcəyindən narahatdırlar. Halbuki Nikol Paşinyana qədər qondarma rejimin rəhbərliyi və Ermənistan rəsmiləri arasında qarşılıqlı anlaşma  vardı. Bu da Ermənistanın sabiq rəhbərlərinin – Robert Kocaryanın və Serj Sarkisyanın əslən Dağlıq Qarabağdan olmalarından irəli gəlirdi. Odur ki, onlar Nikol Paşinyanı “Qarabağ klanı”nı “məxməri inqilab” ilə hakimiyyətdən uzaqlaşdıran, Ermənistanda rəqiblərinin siyasi və iqtisadi mövqeyini zəiflədən və öz tələblərini qəbul etdirən şəxs kimi tanıyırlar. İşğalçı ölkənin baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı  bir-biri ilə üst-üstə düşməyən, məntiqsiz, qopuq, yarımçıq bəyanatlar verməsi də bu münasibətləri gərginləşdirən bir başqa faktordur. Bu mənada hazırda Xankəndi ilə İrəvan arasında münasibətlərin getdikcə kəskinləşməsi, daha doğrusu, qondarma rejim ilə Nikol Paşinyan hökuməti arasında gərginliyin artma ehtimalı çox yüksəkdir. Nikol Paşinyanın həmin generalı və onun tərəfdarlarını istefaya məcbur etməsi isə ona yeni düşmənlər qazandıracaq”.

Ekspert  Hatəm Cabbarlının fikrincə, əslində Nikol Paşinyan ölkəsinin, eləcə də özünün düşdüyü acınacaqlı vəziyyətin əsas səbəbinin məhz Azərbaycan tərəfindən məruz qaldığı təcrid siyasəti olduğunun fərqindədir: “Prezident İlham Əliyevin bildirdiyi kimi, torpaqlarımız azad olunanadək Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən yenə də istifadə edəcəyik. Amma Nikol Paşinyan bu məsələdə hələ ki, susur… Güman edirəm ki, son zamanlar ABŞ hökumətinin, eləcə də bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə daha ciddi maraqlanmaları onun bu sükutunu poza bilər. Amma necə? Bunu zaman göstərəcək…” 

Qvami Məhəbbətoğlu, “İki sahil”