Layihələr Basqala yeni həyat gətirəc

0
334

Basqal qəsəbəsi İsmayıllı rayonunda qədim yaşayış məskənlərindəndir. Hər addımda şəhərsalma mədəniyyətinin izlərinin yaşandığı qəsəbə daş döşənən yolları, qədim kanalizasiya sistemi, hər məhəllədəki bulaqları, o cümlədən sakinlərin soyuducu kimi tanıdıqları və istifadə etdikləri “Buz bulağı” ilə diqqəti cəlb edir. Qədim xalq sənətkarlığı bu gün də yaşadılır. Vaxtilə sərbafları (kəlağayı toxucuları) ilə məşhur olan qəsəbədə kəlağayı muzeyi, bazar meydanı buraya gələnlər üçün çox maraqlıdır. Yaxınlıqdakı Fit dağı, Fit qalası (Mustafa xan qalası da deyilir) onsuz da turizm potensialı yüksək olan İsmayıllıda Basqalı özünəməxsus gözəlliyi və tarixiliyi, cazibədarlığı ilə fərqləndirir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Basqalın qədim yaşayış yeri olduğunu vurğulayaraq deyib: “Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq”.

Xatırladaq ki, dövlətimizin başçısının 2018-ci il 3 oktyabr tarixli “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” Sərəncamına əsasən Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa, agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq.

Prezident İlham Əliyevin bu sərəncamı, Basqalı abadlaşdırmaq və turistləri cəlb etmək üçün böyük layihələrin icra olunması məqsədilə xüsusi proqramın hazırlanması sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

Sakinlərin sözlərinə görə, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına ehtiyac var. Beləliklə, görüləcək işlər Basqalda turizmin inkişafına əlavə təkan verəcək.

Qeyd edək ki, üçüncü Dövlət Proqramının qəbul edildiyi 2014-cü ildə İsmayıllıda 23 istirahət mərkəzi fəaliyyət göstərib. Hazırda bu göstərici 32-yə çatıb. Bundan əlavə Lahıc qəsəbəsində, Talıstan kəndi ərazisində, Zərgəran kəndi yaxınlığında və rayon mərkəzində otel-istirahət mərkəzlərinin tikintisi aparılır.

2014-cü ildə rayona 96 min, 2018-ci ildə isə 105 min 823 turist gəlib. Ümumilikdə, 2014-2018-ci illər ərzində bölgəyə 1 milyon 450 min nəfər turist səfər edib ki, onların da 150 mindən çoxu xarici turistlər olub. azərtac