“Bulaq”ı, “Qobustan”ı bizlərə sevdirən şəxs

0
133

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı, dramaturq, jurnalist, tərcüməçi, “Qızıl qələm” mükafatı laureatı, “Qobustan” sənət toplusunun baş redaktoru, AYB Quba Bölməsinin sədri Vaqif Əlixanlının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Məclisin deputatı Rafael Hüseynov açaraq yubilyarın yaradıcılığından ətraflı söz açıb: “Vaqif Əlixanlı qələminin işığı, düşüncəsinin genişliyi, yurdun hər qarışına məhəbbəti ilə seçilən aydınlarımızdandır”. Vaqif Əlixanlının ənənəvi mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz ilə fərqləndiyini qeyd edən R. Hüseynov onunla “Qobustan” jurnalının ilk sayında dərc olunmuş “İri gözlü uşaq” yazısı ilə tanış olduğunu bildirib: “Vaqif Əlixanlı öz yazıçı səmimiyyətini istər radio-televiziyalarda, istər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında,  istərsə də  Mədəniyyət Nazirliyində çalışarkən də qoruyub saxlayıb. Bu gün baş redaktoru olduğu “Qobustan”da da bu tərz aydın görünür. Bir sözlə, onun ədəbiyyatımız, incəsənətimiz üçün gördüyü işlər, etdiyi xidmətlər əvəzsizdir. Bir nasir, dramaturq, tərcüməçi kimi də xüsusi yeri olan insandır”. O, yubilyarla bağlı bir arzusunu da dilə gətirib: “Çox istərdim ki, rejissorlar Vaqif müəllimin Ömər Xəyyamla bağlı ərsəyə gətirdiyi əsərinə ekran həyatı versinlər”.

AYB-nin sədri, Xalq yazışısı Anar da yubilyarla bağlı düşüncələrini dilə gətirib: “Vaqif Əlixanlı daha çox radionun ədəbi-dram verilişləri baş redaksiyasında çalışarkən hamı tərəfindən sevilən “Bulaq” verilişi üçün hazırladığı yazıları ilə tanınıb. Elə ilk redaktoru olduğum “Qobustan” jurnalının sonradan ona həvalə olunmasında bu amil əsas rol oynayıb. Bu mənada biz “Qobustan”lıyıq”. O, həmçinin Vaqif Əlixanlının radio və televiziyada nəinki çoxsaylı verilişlərin, eyni zamanda, ondan çox sənədli televiziya filminin hazırlanmasında ssenarist və ya redaktor kimi iştirak etdiyini də vurğulayıb.

AYB-nin birinci katibi Fikrət Qoca yubilyarı çərçivələri sındıran, nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol tutanların, səmt küləyinə çevrilənlərin önündə gedənlərdən biri kimi xarakterizə edib: “O, “Qobustan” jurnalına da  öz üslubunu gətirib. Burada onun orijinal naşirlik qabiliyyəti aydın görünür”. Xalq şairi Nəriman Həsənzadə isə yubilyarı  ustad, məktəb adlandırıb.

Milli Məclisin depuatı Jalə Əliyeva, Xalq artisti Roza Tağıyeva, yazıçılar -Seyran Səxavət, Rafiq Səməndər, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Əməkdar jurnalist Tahir Talıblı, tənqidçi Vaqif Yusifli, şairlər – Tofiq Nurəli, Yusif Həsənbəy, yubilyarın həyat yoldaşı Şəfəq Əlixanlı və başqaları Vaqif Əlixanlının yaradıcılığı və şəxsiyyəti haqda düşüncələrini bölüşüblər.

Tədbirin sonunda Vaqif Əlixanlı tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

Qvami Məhəbbətoğlu, “İki sahil