Bu da bizim təbrik

0
316

Bəli, bu günlərdə futbol veteranı, PRO kateqoriyalı mütəxəssis Yunus Hüseynov “Xəzər-Lənkəran” futbol klubunun idman direktoru postuna təyinat aldı. Əvvəla, onu bu münasibətlə təbrik edirik. Bu odlu, alovlu təbrikdən sonra, futbol dili ilə desək, topu ələ keçirib keçirəm hücuma. Gözlənilməz hücumumun nə ilə nəticələnəciyini isə dəqiq deyə bilmərəm. Ola bilsin ki, mən də bizim bəzi futbolçular kimi bir-iki metrdən qapıya qol vura bilməyim. Amma xahiş edirəm, buna görə “İstefa” şüarları səsləndirməyəsiniz. Redaktorumuz duyuq düşüb mitilimi atar bayıra. Hər halda, Yunus bəyin qapısına yol tapmağa, yaxud da qapısı ağzında təhlükəli anlar yaşatmağa çalışacağam. Təbii ki, bu məsələdə mənə “rəqib”imin zəif cəhətlərini bilməyim də yardımçı olacaq. Söz verirəm ki, simulyasiya-filan etməyəcəyəm.

Elə top məndə ikən onu da deyim ki, Yunus bəyi təbrik etmək, həmçinin bəzi suallar ünvanlamaq eşqi ilə ona dəfələlə zəng də vurmuşuq. Di gəl, o, telefonumuza cavab vermir ki vermir. Halbuki o, bu posta gələnə qədər “Çempion”un heç bir zəngini cavabsız qoymazdı. Sözün düzü, onun bu hərəkəti məni heç mat qoymadı. Buna görə, onu, vallah-billah, qınamıram da… Görünür, uzun müddət işsiz qalmış Yunus bəyin başı yeni işinə elə qarışıb ki, heç başını qaşımağa belə vaxtı yoxdur. Ona görə də onu beləcə təbrik etmək qərarına gəldik. Nə isə…

Mənə elə gəlir ki, təyinat xəbərini eşidən Yunus bəyin öz-özünə pıçıldadığı ilk kəlmələr belə olub: “Ömürdür həyatdır, kədərdir, büsatdır, uymadım heç nəyə mən yenə qayıtdım”. Səhv etmirəmsə, tanınmış müğənnimiz Nisə xanım Qasımova məhz bu mahnısı ilə sənət aləminə yenidən qayıdışını bayram etmişdi. O gündən yenidən iş başına qayıdanlar məhz bu mahnını zümzümə edə-edə yerlərinə keçirlər. Şəxsən mən Yunus bəy kimi bir futbolçunun, yaxud bir məşqçinin bir zamanlar çalışdığı “Xəzər-Lənkəran”a qayıtmasına heç də alayı cür baxmıram, ya da ironiya ilə yanaşmıram. Nədən ki, klublarımızda belə, əgər belə demək mümkünsə, atla gedişlər olur.

Yenə mənə elə gəlir ki, Yunus bəyin bu posta qayıdışı cari çempionata uğurlu start verməyən komandanın baş məşqçisi Oğuz Çətini lap çətin vəziyyətə salacaq. Odur ki, o, indi əvvəlkindən beşqat çox çalışacaq ki, dalından dəyən olmasın. (Bu, Mənsimovların əlində su içmək kimi bir şeydir). Yeri gəlmişkən, kimləri yola salmayıb bu klub? Toşakı, Mustafa Dənizlini, elə Yunus bəyin özünü… Vallah, mən sayını itirmişəm. Bəli, artıq Yunus bəy Damokl qılıncı kimi, əgər belə demək mümkünsə, Çətinin başının üstündən asılıb. Yəni Çətinin özünü çətinliyə salması Yunus bəyi komandanın baş məşqçisi vəzifəsinə gətirə bilər. Bu mənada, indən belə Çətinin “ağ-yaşıllar”ını hər yetən çətin ki məğlub edə bisin. Mənə belə gəlir ki, digər klublarımız da indiyədək bir neçə komandada tətbiq olunmuş bu texniki fənddən yararlanmağa cəhd göstərsələr pis olmaz. Yenə deyirəm, bu, hər halda gözəl fənddir. Lakin nədənsə bəzi idman yazarları bu əmələ kölgə salmağa çalışır, hətta tam məntiqsiz, düşüncəsiz və klubun inkişafına birbaşa əngəl olan bir addım kimi dəyərləndirirlər. Arzu edirəm ki, Yunus bəy bu klubun Qurbanı (“Qarabağ”ın baş məşqçisi-red) olsun. Amma qurbanlıq olmasın.

Yazımın sonunda “Kişi sözü” filmi yadıma düşdü. Yəqin ki, o filmdəki Qasım obrazını unutmamısınız. Kiçik xatırlatma üçün deyək ki, ucqar kənddən şəhərə oxumağa gedən Qasım doğma obasına qayıdarkən, kəndin uşaqları onu “Qasım gəlir, Qasım gəlir!” sevinci ilə qarşılayırlar. Amma nədənsə “Xəzər-Lənkəran”ın azarkeşlərinin “Yunus gəlir, Yunus gəlir” deyə qışqırmırlar. Bax, bircə bundan narahatam, Yunus bəy. Bu yerdə: “Allah köməyin olsun”, – deməkdən başqa söz tapa bilmədim.

Hə, bir də onu deyim ki, mən Yunus bəyin qapısına yol tapmağa çalışdım. Hətta onun qapısına qol vurmaq üçün xeyli imkanlarım da oldu. Amma top qapıya daxil olmaq istəmədi. Penaltidən də yararlana bilmədim. Bu, isə çox pis oldu. Bundan sonra da əlimə düşən epizodlar oldu. Amma təəssüf ki, onların da hamısını boşa verdim. Təki Yunus bəyin komandası belə fürsətləri qaçırmasın.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here