Məzahir Yusifov: ”Çağırışlarla bağlı neqativ hal yoxdur”

0
415

Artıq 2 ildir Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında İcbari tibbi sığorta (İTS) fəaliyyət göstərir. İlkin pilot layihə çərçivəsində xəstəxananın bütün tibbi təchizatı yaxşılaşdırılıb. Həmçinin Mingəçevir şəhərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası nəzdində Təcili yardım bölməsi də yaradılıb.  Eyni zamanda qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb.

Xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin  (TTTYS) müdiri Məzahir Yusifovla görüşüb bəzi suallara aydınlıq gətirdik. Həkim xəstəxananın şöbələri barədə məlumat verərək bildirdi ki, xəstəxananın nəzdində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi iki bölmədən ibarətdir: ”Bunlar  Təcili Yardım bölməsi – ACİL və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır. Şöbədə ümumilikdə 247 nəfər personal çalışır. ACİL bölməsində 9 həkim, 20 tibb bacısı və digər işçilərlə birgə 57 nəfər xəstələrin xidmətində dayanır. TTTYS bölməsində isə 6 böyük həkim, 31 çağırışçı həkim, 45 çağırışçı tibb bacısı, 13 çağırışı qəbul edən tibb bacısı, eləcə də təcili yardım sürücüsü, kiçik tibb işçisi xadimə ilə birgə 190 nəfər çalışır. Bu bölmədə 6 çağırışçı həkim vakant yeri var. Lakin işin yüksək gərgin və həyəcanlı olması səbəbindən həkimlərin bu sahəyə marağı azdır.

İcbari tibbi sığoranın Mingəçevir şəhərində tətbiqindən öncə kənarda, köhnə inzibati binaların birində yerləşən TTTYS bölməsi xəstəxana ərazisinə köçürülüb ki, bu da xidmətin keyiyyətinə birbaşa təsir edir. Bölmənin xidmətində 10 ədəd ambulans maşın var. Onlardan dördü Mingəçevirdə İTS-nin tətbiq edildiyi dövrdə alınan reanimobillərdir. Digər altı ambulans da lazım olan yeni və müasir avadanlıqlarla təmin olunub. İTS-nin tətbiqinə qədər isə Mingəçevirdə TTTYS-da 7  köhnə ambulans xidmət göstərirdi və onlardan ikisi təcili yardım xidməti üçün tam yararsız olub”.

Daha sonra cağırışlarla bağlı yaranmış problemlərdən söz açan Məzahir Yusifov qeyd etdi ki, istənilən şəxs ciddi sağlamlıq problemi ilə üzləşdiyi və ya həyat üçün təhlükəli vəziyyətə düşdüyü halda, ilk növbədə 103 nömrəsinə zəng vurub “Təcili yardım” çağırır. Hər kəs birmənalı şəkildə bilməlidir ki, həyat üçün təhlükəli olan yaralanmalar, suda boğulma, qanaxmalar, yanıqlar, travmalar, doğuş, huşun itirilməsi, qıcolmalar, ürək nahiyəsində güclü ağrılar, arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi, ürək fəaliyyətinin və tənəffüsun dayanması, ilan sancması, heyvanlar tərəfindən dişləmələr, donvurma, şok, elektrotravmalar, kəskin ağrılar və s. bu kimi hallar zamanı “Təcili yardım” çağrılması vacibdir. Nəticə etibarilə son dövrlərdəki çağırışların növlərinə nəzər saldıqda təcili yardım qədər ciddi tibbi problemi olmayan şəxslərin müraciət saylarının çoxluğu diqqət çəkir. Məlumdur ki, bu tip çağırışlar çeşidlənmə zamanı “təcili olmayan” xəstələr siyahısına salınır. Ən çox narazılıqlar da məhz belə çağırışlardan yaranır. Lakin bilmək lazımdır ki, “təcili olmayan” çağırışlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının ciddi həyati təhlükə ilə üzləşən insanların yardımına vaxtında çatmamasına səbəb olar. Buna görə də yüngül tipli sağlamlıq problemləri yaşayan şəxslərin birbaşa ailə həkimlərinə müraciət etmələri daha məqsədəuyğundur”.

“Gün ərzində nə qədər çağırışlar həyata keçirilir?” sualına isə müsahibimiz belə cavab verdi: “Standarta uyğun olaraq bir gündə 7 briqadamız fəaliyyət göstərir. Qeyd edim ki, xəstə çağırışlarının sayı həddindən çoxdur. Daha çox arterial hipertenziya, beyin qan dövranının pozğunluğundan, bir də ən uşaqlarla bağlı çağrışlar artıb. Bildirim ki, bir gündə minumum 140 xəstə çağrışı olur. Nadir hallarda 160 da olur. Bir həkim briqadası bir çağırışa 25-30 dəqiqə vaxt sərf edir. Bəzən günün müəyyən vaxtlarında saat ərzində 20-30 çağırış qəbul edilir. Bu isə həkim briqadalarının ayrı-ayrı xəstələr üzərinə yardıma getməsini gecikdirir. Belə olduğu halda, xəstələrin vəziyyətləri qiymətləndirilir və ən ağır dərəcəli çağırışlar ön plana salınır. Bəzən də xəstələrin ehtiyaclarına uyğun çeşidlənmə ilə həkim briqadaları xəstələrə vaxtında yardım etmək məqsədilə məntəqəyə qayıtmadan bir neçə çağırışa getməli olur. Bir həkim kimi, deyə bilərəm ki, çağırışlarla bağlı heç bir neqativ hal yoxdur, çalışırıq ki, gecə-gündüz əhalinin xidmətində dayanaq”.

 Esmira Hidayətova, Mingəçevir