Turizm: hədəfləri bəlli olan sektor

0
252

Turizm sektoru iqtisadiyyatımızın güclənməsi, bölgələrimizin inkişafı və ölkəmizin dünyada tanıdılması baxımından çox səciyyəvidir. Bu səbəbdən turizmin, daha doğrusu, turizm sənayesinin inkişafı üçün yeni yollar axtarılır, həmçinin mövcud potensialdan istifadə ön plana çəkilir. Artıq nəticələr də göz qabağındadır. Belə ki, ötən il ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bu da 2017-ci illə müqayisədə 6 faiz artım deməkdir. Şübhəsiz, bu hər şeydən əvvəl, son illər ölkəmizdə turizm sektoruna qoyulan sərmayənin, dövlətin dəstəyi ilə iş adamlarının bu sahəyə getdikcə artan maraqlarının nəticəsidir.

Bu istiqamətdə cari ildə də işlər davam etdirilir. Məsələn, hazırda Dövlət Turizm Agentliyi ölkəmizin turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair yeni sənəd üzərində işləyir. Aqroturizmə sərmayələrin cəlb edilməsini özündə ehtiva edən bu sənədə əsasən, ölkəmizin qonağı olacaq turistlər regionlarda yerləşən kəndlərə səfərlər edəcək, kənd həyatı ilə yaxından tanış ola biləcəklər. Onlar yerli adətlərlə tanışlıq zamanı kənd həyatını da yaxından izləmək imkanı qazanacaqlar.

Ötən il dünyanın 6 regionunda (Rusiya, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanı, Hindistan, Almaniya və Çində) nümayəndəliyi fəaliyyətə başlamış Azərbaycan Turizm Bürosu isə bu il daha 4 nümayəndəliyinin açılmasını planlaşdırır.

Bu il yanvarın 16-da isə Pekində Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və paytaxtımızın üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulub. Eləcə  də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə dəstək verməyi öhdəsinə götürüb. 

Cari ildə tarixi məkanlarımızın yenidən qurulması, bərpası da gündəmdə olacaq. Belə ki, bu il böyük turist kütləsini cəlb edən “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və bu abidənin ərazisində müasir turizm infrastrukturun yaradılması başa çatdırlacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Burada müasir muzey kompleksinin yaradılması da gündəmdədir. Bundan başqa, İsmayıllı rayonunun qədim tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün layihələrin icra olunması məqsədilə xüsusi proqram da hazırlanır. Bununla bağlı Prezident deyib: “Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın”.

Qeyd edək ki, bu və ya digər bir tarixi kəndin infrastrukturunun yenilənməsi həmin bölgəyə gələn turistlərin sayına da öz müsbət təsirini göstərir. Məsələn, keçən il İsmayıllıya 105 min 823 turist gəlib. Bu, 2017-ci ildəki göstəricidən 1278 nəfər çoxdur. Bölgəyə gələn xarici turistlərin də sayı artıb. Ötən il bu rayona  gələn turistlərin 14 min 635 nəfəri xarici turistlər olub. Bu, inişilki göstəricidən 514 nəfər çoxdur. Verilən məlumata görə, bu göstəricilərdə Lahıc qəsəbəsinin öz xüsusi çəkisi var.

Hazırda Ləki-Qəbələ dəmir yolunun tikintisi davam edir. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaq. Mütəxəssislərin fikrincə, bu il Dünya Sağlamlıq Turizmi Təşkilatının dəstəyi ilə Bakıda keçiriləcək Dünya Sağlıq Turizmi Forumu da bu sektorun inkişafına öz töhfəsini verəcək.

Bütün bunlar  ölkəmizdə turizmin yeni mərhələyə qədəm qoymasına səbəb olmaqla yanaşı, iqtisadiyyatımızın neftdən asılılığının arxa plana keçməsinə də öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu