Mingəçevirdə xalça fabriki tikiləcək

0
219

 Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ilin ilk günlərindən başlayaraq məhəllələrdə sakinlərlə səyyar görüşlərə start verib. İlk belə görüş Üzeyir Hacıbəyov küçəsindəki 78, 80, Müslüm Maqomayev küçəsindəki 79, 81 və Rəsul Rza küçəsindəki 23 nömrəli binalarının kəsişdikləri 5 və 4  nömrəli Mənzil İstismar Sahəsinin xidməti ərazisində yerləşən məhəllədə baş tutub.

Bu günlərdə isə M.P.Vaqif 19, İ.Qayıbov 2,4, H.Əliyev 31 ünvanlarının sakinləri ilə görüş keçirilib. Əvvəlcədən qeyd edək ki, məhəllə öz səliqə-sahmanı ilə diqqət çəkir. Ərazidə uşaq və gənclərin, yaşlı nəslin nümayəndələrinin istirahəti və əylənməsi üçün müvafiq şərait mövcuddur. Həyətdə xeyi-şər mağarları ilə təmir edilib, futbol meydançası, idman qurğuları yaradılıb, oturacaq üçün stullar qoyulub, ətrafa yaşıl ağac tingləri əkilib. Sakinlərə nümunəvi xidmət məqsədilə səki kənarında məişət tullantılarını yığmaqdan ötrü zibil qabları qoyulub, binaların dam örtükləri, fasadları səliqəyə salınıb. Görüşə maraq böyük olduğundan məhəllə sakinləri ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də burada olublar.


    Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu layihələrdən söz açıb. Ölkəmizin gündən-günə inkişafını əks etdirən faktları dilə gətirib. Bu baxımdan Mingəçevirdə qış ayı olmasına baxmayaraq, davam edən abadlıq-quruculuq işlərini təqdir edərək diqqətə çatdırıb ki, hazırda şəhərin sağ və sol sahillərində yenidənqurma işləri uğurla davam edir. Binaların dam örtükləri əsaslı təmir olunur, sakinlərin arzusu nəzərə alınaraq nümunəvi məhəllələr yaranır, yeni parkların salınması və movcud parkların səliqəyə salınması üçün müvafiq işlər həyata keçirilir. Şəhərdə su-kanal sisteminin yenidən qurulması, ötən il yeni istifadəyə verilən Sənaye Parkında iki fabrikin işə salınmasından və burada 700 nəfərin işlə təmin olunacağından söz açıb. Bildirib ki, artıq yer də ayrılıb, Mingəçevirdə xalça fabrikinin tikintisinə də başlanılacaq. Artıq səkkiz  məhəllədə nümunəvi şərait yaradılır. İlin sonunadək bu qəbildən olan tədbirlərin sayı artırılacaq.


      İcra Hakimiyyətinin başçısı məhəllə sakinlərinə müraciət edərək mövcud şəraitdən səmərəli istifadə etməyi, yaşıllıqları və ətrafdakı qurğuları qoruyub saxlamağı, artırmağı tövsiyyə edib.
     Məhəllə sakinləri şəhər rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirməklə yanaşı, rastlaşdıqları çətinlikləri də dilə gətiriblər. Qaldırılan problemlər əsasən istilik sistemi, binaların giriş qapılarının olmaması, ağacların suvarılması ilə bağlı problemlərin yaşanması ilə bağlı olub.

 İcra Hakimiyyətinin başçısı müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinə yerindəcə tapşırıqlar verib və məsələlərin tezliklə həll olunmasını tapşırıb.

Esmira Hidayətova, Mingəçevir