Nəsimi elə bir dəryadır ki…

0
321

“3 dildə – Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış, dönməz məslək və əqidə nümayiş etdirmiş İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı ölməz sənətkarın həmişəyaşar ideallarının daha geniş miqyasda təbliğ edilməsinə geniş meydan açır”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında “Qobustan” jurnalının redaktor müavini, şair Maarif Soltan söylədi.

Bildirdi ki, ədəbiyyat kəhkəşanına tarixin dumanları arasından boylananda əsrlərin o tayında Nəsimi, ilk növbədə, öz mübarizliyi ilə diqqəti cəlb edir:  “Özündə cahanları sığışdıran, özü isə cahana sığmayan nəhəng İmaməddin Nəsimi.

Zahidin bir barmağın kəssən, dönüb həqqdən qaçar,

Gər bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Sərpa soyulub, amma diri qalan, əsrlər boyu yaşayan, sərpa soyulub, amma ağrımayan, daha da dözümlü, daha da mübariz olan, heç vaxt Haqqdan qaçmayan, həmişə Haqqa qaçan fədakar Nəsimi. Nəsimini oxuyarkən heyrətlənməyə bilmirsən. Misralarındakı məna yükündən əlavə dilinin təmizliyi oxucunu heyrətləndirir. Sanki 14-cü əsrin şairi deyil səninlə danışan, səninlə söhbət edən, öz müasirindir.

Səni bu hüsni-camal ilə, bu lütf ilə görüb

Qorxdular Həqq deməyə, döndülər insan dedilər.

Dilin təmizliyinə, beytin poetik qüdrətinə fikir verirsinizmi? Heyrətlənməmək mümkün deyil.

Üzün məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Nəsiminin təsiri özündən sonrakılarda – boyük Füzulidən tutmuş lap elə günümüzün şairlərinəcən açıq-aydın hiss olunmaqdadır.

 Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır…

Dəhşətli işgəncələrdən ağrıyan, amma ağlamayan şair yarın pünhan getməyindən – gövdədən ayrılan canın ayrılığına dözməyib ağlayır. Bu etirafın özü böyük şair səmimiyyəti deyilmi?”

Maarif Soltanın fikrincə, Nəsimi – sahilləri gorünməyən elə dərin bir dəryadır ki, baş vurduqca dərinliklərinə enirsən, amma dibinə çata bilmirsən: “Nəsimi elə saf bir çeşmədir ki, içildikcə içilir, amma ürəyini vurmur.

Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz,

Çün müyəssər oldu vəslin, qeyri didar istəməz…

Nəsimi elə bir ustaddır, elə bir örnəkdir ki, öyrəndikcə öyrənirsən, amma tam öyrənib dərk edə bilmirsən.

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

Aldanma anın alına, ondan həzər eylə!

Dünya duracaq yer deyil deyərək haray salan şair, əslində, bu harayla bizi səfərbər etməyə səsləyir, haqsızlıqla mübarizəyə çağırır və bununla da bizi dünyaya bağlayır, şairin özü də dünyanın alına – var-dövlətinə, bər bəzəyinə uymadan neçə əsrdir həzər edə-edə əsrdən-əsrə səfər edir və hələ sonsuzlara qədər də səfər edəcək”.

Maarif Soltan, həmçinin vurğuladı ki, “Nəsimi ili”ndə Nəsimi ilə bağlı daha çox axtarışlar aparılacaq: “Şübhəsiz, onlar da Nəsimi dünyasının daha dərindən öyrənilməsinə öz töhfəsini verəcək. Artıq əldə etdiyim məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının – lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

Bu nüsxələrdə şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri də aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri vardır”.

Maarif Soltan görkəmli yazıçımız İlyas Əfəndiyevdən eşitdiyi bir əhvalatdan da söz açdı: “Nəsiminin 600 illik yubileyi keçiriləndə Xəzərin o tayından türkmən qardaşlarımız bir neçə il qabaq “Dədə Qorqud”un yubileyində olduğu kimi, yenə iddia qaldırıb haray-həşir salırlar ki, Nəsimi türkmən şairidir, filan-bəşməkan. Nəsimi bir müddət Hələbdə yaşasa, orada qətlə yetirilsə də, tamamilə milli Azərbaycan şairidir və heç bir türkdilli xalqın ona iddiası ola bilməz.
Həmin dövrdə Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri olub. Mərkəzi Komitənin ideoloji katibi Mirzə müəllimə zəng edib bildirir ki, türkmən qardaşlara bir tutarlı arayış hazırlayın, göndərək, səslərini kəssinlər.
Mirzə İbrahimov çox maraqlı və müdrik bir cavab verir. Deyir, türkmən qardaşlar yenə zəng edəndə onlara deyin ki, İmaməddin Nəsiminin əsl adı – Seyid Əli ibn Seyid Məhəmməd olub. 1369-cu ildə Şamaxıda doğulub. Siz bütün Türkmənistanı gəzib axtarın, bircə nəfər seyid tapsanız, biz Nəsimini veririk sizə.
Belə də edirlər, türkmən qardaşlar səslərini kəsirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”