Şəhid adına sonsuz ehtiramla…

0
103

“29 ildir ki, Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Hər gün yüzlərlə insan bu məkana üz tutur, Vətən uğrunda canından keçmiş şəhidlərimizi böyük məhəbbət və sevgi ilə anır, onların ruhlarına dualar oxuyurlar. Hər ildönümü ərəfəsində isə Şəhidlər xiyabanında izdiham yaşanır. Şübhəsiz, bu, xalqımızın onlara olan dərin minnətdarlıq əlamətidir. Çünki şəhidlərimiz Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 20 Yanvar şəhidlərini azadlıq mücadiləsinin ilk qaranquşları kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi: “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”. Bu mənada o günün həm də böyük siyasi-mənəvi mənası var. Qeyd edək ki, 20 Yanvar gününün Ümumxalq Hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə başlanması da məhz Ulu Öndərin adı ilə bağlıdır”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında “20 Yanvar” İctimai Birliyinin sədr müavini Mustafa Əliyev söylədi.

Xalqımızın zaman-zaman ağır faciələrlə üzləşdiyini, haqsızlıqlarla qarşılaşdığını bildirən müsahibimiz 20 Yanvarı belə faciələrdən biri kimi xarakterizə etdi: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridildi və milli mübarizəyə qalxan dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Bundan bir neçə gün sonra ölkəmizin digər rayonlarında, o cümlədən Neftçala və Lənkəranda da belə olaylar yaşandı. Bu qanlı aksiyalar nəticəsində yüzdən çox insan şəhid oldu,  700-dən çox insan isə yaraland. Şəhid olanların, eləcə də yaralananların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olmuşdur”.

Prezident İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan Mustafa Əliyev bildirdi ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar dairəsi”ndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi ucaldılıb: “Bütün şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların mənzil-məişət problemləri həllini tapıb, müavinətləri vaxtlı-vaxtında verilir. Bu sözləri 20 Yanvar əlilləri haqqında da demək olar. Hazırda 297 nəfər 20 Yanvar əlilimiz var. Burada bir məqama toxunmaq istərdim. 20 Yanvar hadisələri zamanı əlil olan şəxs dünyasını dəyişdikdən sonra onun mənzil növbəsi ailə üzvlərindən birinin adına keçirilmirdi. Amma son illər bu problem öz həllini tapıb. Üstəlik, 20 Yanvar əlili o zaman aldığı xəsarətlərə görə dünyasını dəyişəndə onlara “20 Yanvar şəhidi” statusu da verilir. O zaman itkin düşənlər də belə statusa layiq görülüblər. Bizim hesablamalarımıza görə, dünyasını dəyişənlər və itkin düşənlərlə birgə bu statusa layiq görülənlərin sayı 18 nəfərdir. Əlillərin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı  da dövlət tərəfindən ödənilir. Bu kimi problemlərin həllini tapmasında “20 Yanvar” İctimai Birliyinin sədri, II qrup 20 yanvar əlili Sultan Əzimzadənin işgüzarlığı da öz sözünü deyib. Yeri gəlmişkən, son 10 ildə 100-dən  çox əlil avtomobillə təmin olunub, 90 nəfərinə isə mənzil verilib”.

Mustafa Əliyev həmçinin bildirdi ki, o zaman 20 Yanvarda güllə yarası alanların sənədlərində onların istehsalat zədəsindən əlil olduqları qeyd olunub: “ Hazırda İctimai Birliyimiz bu problemi aradan qaldırmağa çalışır. Yəni bununla bağlı müvafiq qurumlara məktublar ünvanlanıb və ünvanlanmaqda davam edir”.

“20 Yanvar” İctimai Birliyinin yarandığı gündən 20 Yanvarla bağlı bir sıra işlər gördüklərini və layihələr həyata keçirdiklərini vurğulayan Mustafa Əliyevin sözlərinə görə,  təşkilatın  əsas fəaliyyət sahələrindən biri də məktəblərdə, həmçinin hərbi hissələrdə gənclərimizə vətənpərvərlik hisslərini aşılamaqdır: “Hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların həyat yolundan çox şeyləri öyrənməlidir. Unutmayaq ki, Vətənimiz  uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”.

Mustafa Əliyev söhbətimizin sonunda bir məqamı da xüsusi vurğuladı: “Ölkəmizə gələn turistlərin bir qismi Şəhidlər xiyabanını da ziyarət edirlər. Amma “20 Yanvar” İctimai Birliyi adından onlara xarici dillərdə 20 Yanvar dəhşətlərini özündə əks etdirən broşürlər təqdim edə bilmirik. Güman edirəm ki, yaxın gələcəkdə bu problemimiz öz həllini tapacaq və biz xiyabana ayaq basan hər bir əcnəbini bu hadisə ilə daha dərin bilgilərlə təmin etməyə nail olacağıq. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox vacibdir”.

Qvami Məhəbbətoğlu,“İki sahil”