Rafiq Səməndər: O günlərdə şəhid olmaq qismətimdə yox imiş

0
55

29 il bundan əvvəl – o ağır, hüznlü günlərimizdə yazıçı-publisist, Əməkdar jurnalist Rafiq Səməndər şəhid ailələrini bir-bir ziyarət etdi, onları) yandırıb-yaxan dəhşətləri, özünün dediyi kimi, isti-isti qələmə aldı və “Şəhidlər” adlı kitab ərsəyə gətirdi. 150 min tirajla nəşr olunmuş kitabın müəllifi ilə söhbətimizə də elə 20 Yanvardan, “Şəhidlər”dən başladıq.

– Rafiq müəllim, hər il yanvar ayı gələndə nələr düşünürsünüz?

– Yanvarda dünyaya göz açsam da, bu ay mənim üçün, sözün həqiqi mənasında, ağır aydır. Ona görə ki, yanvarın qara üzünü görmüşəm. Belə ki, anam yanvarda dünyasını dəyişib. Qarlı-şaxtalı gündə onu xizəklə rayon mərkəzindən kəndimizə – Qubadan Rustova hansı çətinliklərlə apardığımızı xatırlayanda indi də bütün vücudum titrəyir. Elə “Qara qar” adlı əsərimi də həmin motivlər əsasında qələmə almışam. Bundan 26 il sonra 20 Yanvar faciəsinin şahidi oldum. Bu hadisənin yanvarda baş verməsi,  necə deyərlər, həmin təqvim ayını taman gözümdən saldı. Odur ki, hər il yanvar gələndə daxili sarsıntı keçirir, onun tez başa çatmasını səbirsizliklə gözləyirəm. İnandırım sizi, elə indi də yanvarın nə zaman gəlib keçəcəyini düşünürəm. Hətta istəyirəm ki, kaş dekabrdan sonra fevral ayı gələydi.

– Amma, nə qədər çətin olsa da, elə yanvardan başlayaraq 20 Yanvar dəhşətləri ilə yaşananları isti-isti qələmə alaraq “Şəhidlər” adlı sanballı bir kitab ortaya qoymusunuz. Həmin kitab üzərində işləyərkən unutduğunuz, yaxud yaza bilmədiyiniz məqamlar olubmu?

– Olub… Onların da çoxu kitabın çap olunmamaq təhlükəsindən irəli gəlib. Odur ki, bəzi detalların tam təfərrüatına varmamışam. Məsələn, mənə deyirdilər ki, insanlara güllələrin qurşaqdan aşağı dəydiyini yaz. Çünki bu cinayəti törədənlər öz əməllərini ört-basdır etmək üçün aləmə car çəkirdilər ki, guya sadəcə, xəbərdarlıq atəşi açıblarmış. Halbuki yandırıcı güllələrin, demək olar ki, hamısı şəhid olmuş insanların qurşaqdan yuxarı əzalarına sancılmışdı. Mən də yazırdım ki, ayağından dəyən güllə başından çıxıb.

Amma yazmağa çətinlik çəkdiyim yazı təkcə qolu tapılmış şəhidimizlə bağlı olub. (Yeri gəlmişkən, Semaşkoda əlimə aldığım həmin əza  fotoqraf Fərid Xayrulin tərəfindən lentə alınıb). O barədə bir müddət demək olar ki, heç nə yaza bilmədim. Sonradan qolun kimə aid olduğunu araşdırıb tapdım. Hətta onların evinə də getdim. Anası ağlaya-ağlaya övladını qolunda qalmış sviterdən tanıdığını dedi. Sən demə, ana o sviterdən iki dənə toxuyubmuş: birini əri, o birini də oğlu üçün. …İnandırım sizi, həmin tək qolla o qədər maraqlanan var idi ki… Mən də onlara əldə etdiyim məlumatlar əsasında yana-yana danışırdım. Amma qələmə ala bilmirdim ki, bilmirdim. Halbuki digər şəhidlərlə bağlı yazıları elə material toplayan kimi yazırdım. Uzun sözün qısası. Günlərin bir günü tanınmış şair Ramiz Rövşən dedi ki, gəl, sən bu barədə kimsəyə danışma, çünki danışanda boşalırsan, elə bu səbəbdən yaza bilmirsən. Odur ki, onun məsləhəti ilə bir daha həmin şəhiddən söz açmadım. Məhz bundan sonra o şəhidlə bağlı yazını ərsəyə gətirə bildim.

– Rafiq müəllim, “Şəhidlər”in ərsəyə gəlməsində kimlər sizə daha çox dəstək olublar?

– Bu işdə Xalq şairimiz Bəxtiyar Vahabzadə (Allah ona rəhmət eləsin) mənə daha çox mənəvi dəstək verib. O mənə, sözün həqiqi mənasında, arxa, dayaq olub. Belə ki, yazdığım yazılarla, əldə etdiyim materiallarla, şəkillərlə axşamlar onlara gedir və gördüklərim, yazdıqlarım barədə şairə məlumat verirdim. O deyirdi, şəkilləri qoy kənara, yazılardan danış. Çünki Bəxtiyar müəllim o dəhşətli fotolara baxa bilmirdi, baxanda da kövrəlirdi.  Elə “Şəhidlər”ə “Ön söz”ü də o yazıb.

“Şəkillərin yoxa çıxması mənə çox pis təsir etdi”

– Sizin kitabınızda verilmiş şəhidlərin şəkilləri Şəhidlər xiyabanında şəhidlərin məzarları üzərindəki fotolarla eynidir… Bu barədə nə deyə bilərsiniz?

– Həmin şəkilləri evlərdən bir-bir toplamışam. Onları “Gənclik” nəşriyyatının o zamankı baş redaktoru Hidayət Orucova təqdim edirdim. O şəkilləri kitab üçün yararlı hala salmaqda isə  çox qabiliyyətli, milliyyətcə yəhudi olan Koqan adlı bir retuşçu mənə yardımçı oldu. Bir ayağı protez olan həmin şəxs verdiyim şəkilləri evində retuş edirdi. Mən də əlimə düşən fotoları gündəlik ona çatdırırdım. Sonra da həmin şəkillər əsasında şəhidlərin qırxında buklet tərtib olundu.

– O fotolar da arxivinizdədir?

– Təəssüf ki, həmin şəkillər artıq məndə yoxdur. Belə ki, Azər adli tanışım C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şəhidlərlə bağlı sənədli film çəkərkən onları istədi, mən də verdim. Sonradan onun rəhmətə getməsi xəbərini aldım. Lakin həmin şəkillərdən bir xəbər çıxmadı. Onların yoxa çıxması, sözün düzü, mənə çox pis təsir etdi.

– Şəhid ailələri ilə görüşərkən onların dediklərini dəftərçələrə qeyd etdiyinizi dəfələrlə söyləmisiniz. Nə vaxtsa 20 Yanvarla bağlı muzey təşkil olunarsa, onları muzeyə təqdim etməyi düşünürsünüzmü?

– Niyə etmirəm ki? O günlərdə bir gündə 10-15 şəhid ailəsi ilə görüşürdüm. Görüşlər zamanı onların hər birinin dediklərini dəftərçəmə özümün başa düşəcəyim şəkildə işarələrlə qeyd edirdim. Televiziya əməkdaşı olduğum üçün məndə vizual yaddaş güclüdür. O işarələrə baxanda həmin cümlələri deyən adam gözlərimin qabağında canlanırdı və mən onunla yenidən söhbətləşirmiş kimi dediklərini başlayırdım yazmağa. Amma indi onları heç oxuya bilmərəm. Dəftərçələrdən başqa məndə şəhidllərlə bağlı digər əşyalar da var, hamısı da arxivimdədir. Ümumiyyətlə, mənim hər günümün arxivi var.

 “O günlər kino lenti kimi gözlərim qarşısında canlanır”

– O zaman Bakıda komendant saatı hökm sürürdü. Yanvarın 20-dən sonra da çox insan şəhid oldu. Rafiq Səməndər də şəhid ola bilərdimi?

– Az qala olmuşdum. Səhər tezdən, təxminən, saat 6-7 radələrində Hövsana bir şəhid ailəsi ilə görüşə gedərkən üzlərindən zəhrimar yağan 3 rus əsgəri məni saxladı. İdarə etdiyim maşının pəncərəsinin şüşəsini aralayıb jurnalist, eləcə də komendant saatı ilə bağlı mənə verilmiş xüsusi vəsiqəmi onlara təqdim etdim. Sərxoş əsgərlərdən biri həmin sənədləri hirslə əlimdən vurub yerə saldı. Dedim, daha bunların əlindən salamat çıxa bilmərəm. İstədim maşını sürüb aradan çıxım. Elə mən bu düşüncələrdə ikən onlardan biri maşının baqajını açmağı tələb etdi. Orada bir neçə şüşə pivə butulkasını görən kimi elə bil dünyanı onlara bağışladılar…

Bu yerdə tanınmış şairimiz Eldar Baxışın bir sözü yadıma düşdü. Anası ona deyibmiş ki, ay oğul, şəhərə çıxma, sənə də güllə dəyə bilər. Eldar Baxış da anasına deyib ki, general Dubinyak (onda Bakının komendantı o idi) Moskvadan mənim gülləmi gətiribsə, harada olsam mənə dəyəcək. Bəli, dəhşətli anlarda güllə hər kəsi yaxalaya bilərdi. Görünür, o günlərdə şəhid olmaq mənim qismətimdə yox imiş.

– Şəhidlər xiyabanına gedərkən ən çox hansı məzarın qarşısında dayanırsınız?

– Mənim üçün o məkanda olmaq çox çətindir. Hər dəfə Şəhidlər xiyabanına yolum düşəndə o məşum gecə, o günlər kino lenti kimi gözlərim qarşısında canlanır… Bir də axı mən onların əksəriyyətinin cəsədlərini görənlərdən, məzarları qazılarkən ilk külüng vuranlardan biri olmuşam. Bir sözlə, 29 il bundan əvvəlki Bakı küçələri, şəhidlər, məscidlər… beynimdən hələ də pozulmayıb. O ki qaldı sualınıza… Naməlum şəhidlərin qəbirlərinin yanında daha çox dayanıram. Bilirsinizmi niyə? Sovet dörvündə “Naməlum” adlandırılan çoxlu sayda qəbirlər, heykəllər vardı. Onlar barədə heç olmasa nəsə əldə etmək olurdu. Amma bu naməlum şəhidlər haqqında bir iynə ucu boyda məlumat toplamaq mümkün olmadı. İndiyədək də onlar haqqında səhih məlumat ala bilməmişəm.

“Rafiq Səməndər, bir də belə kitablar yazmayasan”

– “Şəhidlər”i yenidən yazsaydınız, nələr əlavə edərdiniz?

– Heç nə… Bir də axı mən onu yenidən yaza bilməzdim. Yazsaydım belə, əlavələrim yamaq kimi görünərdi. O kitab isti-isti yazılmışdı… Necə deyərlər, dəmir isti-isti döyülmüşdü. Faktların da hamısı düz idi.

– “Şəhidlər”dən sonra şəhidlərlə bağlı neçə-neçə əsərlər yazıldı. Onlardan hansını daha mükəmməl hesab edirsiniz?.

– Bəri başdan qeyd edim ki, mən “Şəhidlər”i yazmaqla öz vətəndaşlıq borcumu yerinə yetirmişəm və o ağır günlərdə bacardığımı ortaya qoymuşam. Sonradan şəhidlərlə bağlı yazılmış əsərlər arasında isə Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasını xüsusi qeyd etmək istərdim. Yeri gəlmişkən, Bəxtiyar müəllim həmin əsərini mənim topladığım materiallar əsasında qələmə alıb. Ümumiyyətlə, yazdığım kitab, Bəxtiyar müəllimin sözləri ilə desək, yazılan bu kimi əsərlər üçün ilk mənbə rolunu oynayıb. Bu yerdə Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist  Cahangir Məmmədlinin sözlərini də xatırlamaq istərdim. O deyib ki, Rafiq Səməndər öz “Şəhidlər”i ilə şəhidlər haqqında yazılacaq kitabların məktəbini qoyub.

– Sonradan kitab latın qrafikalı əlifba ilə də çap olundu. Yeri gəlmişkən, “Şəhidlər” başqa dillərə tərcümə olunub?

– O illərdə “Şəhidlər” Tərcümə Mərkəzində rus, ingilis dillərinə tərcümə olundu. Lakin nədənsə çap olunmadı.

– Bəs kitabın ilk nüsxəsini kimə hədiyyə etmisiniz?

– Özümə… Özü də bu sözlərlə: “Rafiq Səməndərə Rafiq Səməndərdən yadigar. İlk nüsxəni sənə bağışlayıram. Və arzu edirəm, Rafiq Səməndər, bir də belə kitablar yazmayasan”.

– Sizin fikrinizcə, 20 Yanvar bizim hüzn günümüzdür, yoxsa qürur günümüz?

–  20 Yanvar milli qəhrəmanlıq günümüzdür. O gün sanki xalqımız ayıldı, yaxşı mənada dəyişdi, özü də bir gecənin içində… Ən böyük qazancımız isə müstəqillik  oldu.

Qvami Məhəbbətoğlu, “İki sahil”