“Orada işləyənlərə 120 manat maaş veriləcək deyə, kitabxanalar ləğv olundu”

0
115

Azərbaycanda, demək olar ki, nə kitabxana qalıb, nə də kitab mağazası. Bu gün rayonlarda, kəndlərdə kitabxanalar yoxdur.

Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin yanvarın 17-də keçirilən iclasında millət vəkili, yazıçı Aqil Abbas deyib.

O qeyd edib ki, kitabxanaların olmaması ciddi narahatlıq doğurur: “Orada işləyənlərə 120 manat maaş veriləcək deyə, kitabxanalar ləğv olundu. Cəmi üç rayonda kitabxana qalıb, digərlərində yoxdur. Ancaq elektron kitabxanalar var ki, onların da qapıları bağlıdır, heç biri işləmir. Kitabı da əlinə alıb, sinənin üstünə qoyub oxumadın, nə mənası var?! 

Bununla yanaşı, rayonlarda, bölgələrdə bir dənə olsun, kitab mağazası yoxdur. Hesab edirəm ki, bu məsələ komitəmizin rəhbərliyi ilə daha yuxarılar səviyyəsində qaldırılmalıdır”.

Millət vəkili, bəstəkar Novruz Aslan da deputat həmkarının narahatlığını bölüşüb və bu məsələyə sistemli, köklü yanaşmanın zəruri olduğunu bildirib.

Həmçinin, deyib ki, bəzi yerlərdə kitabxanalar qalsa da, ora üz tutan yoxdur, çünki çox bərbad vəziyyətdir: “Ona görə də bu məsələ sistemli yanaşmanı tələb edir və kitabxana məsələsinə baxışlar dəyişməlidir”.

Millət vəkili Əflatun Amaşov deyib ki, bu gün kitabların qiyməti çox bahadır. Millət vəkilinin dediyinə görə, kitabların oxunması ilə bağlı məcburilik lazımdır: “Yəni bu məsələdə məcburilik lazımdır ki, insanlar kitab oxusun”.

R.Hüseynov öz növbəsində kitabların qiymətlərinin baha olmasına toxunaraq, bunun bazar iqtisadiyyatının tələbləri üzündən yarandığını, bu baxımdan, müəyyən imtiyazların, güzəştlərin nəzərdə tutulmasının vacibliyini vurğulayıb.

Sözügedən komitənin sədr müavini, professor Jalə Əliyeva kitabları bir məktəb adlandırıb: “Kitablar bizim dünənimiz, tariximiz, keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimiz, inkişafımızdır. O xalqlar inkişafa nail olur, tərəqqi edir ki, onlar məhz kitab oxuyur, kitaba üz tuturlar. Bu baxımdan, hesab edirəm ki, hər zaman kitaba, oxumağa böyük önəm verən bir xalq kimi, bu məsələyə daim diqqətlə, yeni baxışlarla yanaşmalıyıq.

Bu yaxınlarda bir mağzaya girmişdim. Girdim və gördüm ki, satıcı hədiyyə kimi kitabı bükür. Kitablar da elə ucuz qiymətlərə deyildi – 20 manata və 18 manata. Təəccüblə soruşdum ki, indi kitabı hədiyyə kimi alan varmı, cavab verildi ki, bəli, var, özü də çoxdur. İnanın ki, bundan riqqətə gəldim, sevincimin, riqqətimin sərhəddi yox idi”.(oxu.az)